Bakı, 23 noyabr – Sputnik. Rusiya Prezidenti Vladimir Putin Rusiya-Azərbaycan əlaqələrinin inkişafı və möhkəmləndirilməsində göstərdiyi xidmətə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya “Dostluq” ordenini təqdim edib.
Sputnik AzərbaycanRİA Novosti-yə istinadla xəbər verir ki, Putin Rusiyada səfərdə olan Mehriban Əliyevaya dövlət mükafatını Novo-Oqaryovo rezidensiyasında təqdim edib.
“Mən dıqqətinizə çatdırmaq istəyirəm ki, bu, düşünülmüş addımdır. Ancaq ona görə yox ki, siz buraya gəlmisiniz və Azərbaycanın yüksək vəzifəli şəxslərindən birisiniz. Bu, sizin işiniz, sizin fəaliyyətinizlə, dövlətlərarası əlaqələrin bugünkü yüksək səviyyədə saxlanılmasında göstərdiyiniz xidmətlə bağlıdır və biz bunu çox yüksək dəyərləndiririk” – Rusiya Prezidenti bildirib.
Rusiya liderinin sözlərinə görə, təkcə orden sözünün özü Mehriban Əliyevanın Rusiya-Azərbaycan əlaqələri üçün gördüyü işləri əks etdirir. Öz növbəsində Azərbaycanın Birinci vitse-prezidenti Putinin onu Rusiyanın əsl dostu adlandırmasını böyük şərəf sayığını bildirib.
Vladimir Putin bəyan edib ki, azərbaycanlı həmkarı İlham Əliyevlə dekabrın 20-də Sankt-Peterburqda görüşməyə ümid edir.
O, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşdə deyib: “Azərbaycan Prezidentin ən xoş arzularımı çatdırın. Ümid edirəm ki, biz dekabrın 20-də Sankt-Peterburqda görüşə biləcəyik”.
Rusiya dövlətinin rəhbəri görüş zamanı Azərbaycan hökumətinin rus dilinin ölkədə populyarlaşmasına verdiyi böyük əhəmiyyətə diqqət yetirib. “Mən bizim humanitar əlaqələrimiz və Azərbaycanda rus dilinə münasibətlə bağlı indicə dediklərinizə diqqət yetirməyə bilmərəm” – Putin vurğulayıb.
Putinin sözlərinə görə, Azərbaycan keçmiş Sovet İttifaqının o ölkələrindəndir ki, Rusiya mədəniyyətinə və rus dilinə münasibət ən yüksək səviyyədə dəstəklənir. Bununla bağlı o, Azərbaycan Prezidentinin və Birinci vitse-prezidentin bu prosesdə şəxsi rollarını yüksək qiymətləndirib.
“Biz bunu yüksək dəyərləndiririk. Çünki bu, bütün digər istiqamətlər, o cümlədən iqtisadiyyat və sözün geniş mənasında humanitar əlaqələr də daxil olmaqla münasibətlərimizi inkişaf etdirməyə imlan verən bazadır. Biz buna görə çox minnətdarıq, öz tərəfimizdən də ümumi nailiyyətlərimizi yüksək səviyyədə saxlamaq üçün hər şeyi edəcəyik. Bu, insanlara heç bir maneə olmadan münasibət qurmağa, şəxslər və dövlətlər arasında münasibətləri inkişaf etdirməyə imkan verən amildir” – Putin deyib.
Öz növbəsində Mehriban Əliyeva deyib ki, Azərbaycan hökuməti gələcəkdə bu sahəyə daha böyük diqqət yetirməlidir.
“Yeni nəsil böyüyür. Bizim nəslimiz ümumi köklərə, ümumi tarixə malikdir. Yeni nəsil yetişir və bu əlaqələr, xüsusilə də insanlar arasında, yeni nəsil arasında humanitar sahədə bugünkü əlaqələrin daha da möhkəmlənməsi və genişlənməsinə nail olmaq lazımdır” – Əliyeva cavab verib.
Putin onu da qeyd edib ki, Mehriban Əliyeva Birinci vitse-prezident statusunda Rusiyaya ilk dəfə səfər edir, Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko ilə birgə onuncu regionlararası forumu açacaq.
“Hesab edirəm ki, bu, bizim əməkdaşlığımızın son dərəcə vacib istiqamətidir. Çünki bizim qarşılıqlı münasibələrimizin böyük həcmi məhz regionlar səviyyəsində gedir” – Putin bildirib.
Mehriban Əliyeva söhbət zamanı Rusiyaya səfər etmək dəvətinə görə Vladimir Putinə təşəkkür edib. “Burada, Moskvada olmağıma çox şadam. Moskva mənim üçün əziz və yaxın şəhərdir – burada tələbəlik illərim keçib. Hər dəfə də Moskva məni sevindirir” – o, qeyd edib.
Bundan əlavə, Birinci vitse-prezident Putinə azərbaycanlı həmkarının salamını çatdırıb. “Bundan başqa, sizə uyğun olan bir zamanda bizim ölkəmizə səfər etməklə bağlı Azərbaycan Prezidentinin dəvətini çatdırmaq istəyirəm” – Mehriban Əliyeva əlavə edib.