CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cənubda payız, şimalda qış: Qəbələ ağ örpəyə bürünüb – VİDEO

Rayona ilk qarın yağması "Tufandağ" Qış-Yay Turizm Kompleksində istirahət edənlər üçün əsl sürpriz olub. Xüsusən də isti ölkələrdən Qəbələyə istirahət etməyə gələn ərəb turistlər bu anı yaşamaqdan xüsusi zövq alırlar
Sputnik

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 22 noyabr — Sputnik. Qəbələ sakinləri və rayona gələn yerli və xarici turistlər hazırda burada iki fəslin vəhdətini yaşayırlar. İki gündür ki, rayonun cənub hissəsində payız, şimalında isə qış fəslidir.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, Qəbələ şəhərinin şimalındakı kanat yolu ilə dağlara qalxan zaman hər kəs qışın gözəl təbiət mənzərəsini seyr edə bilir. Rayona ilk qarın yağması "Tufandağ" Qış-Yay Turizm Kompleksində istirahət edənlər üçün əsl sürpriz olub. Xüsusən də isti ölkələrdən Qəbələyə istirahət etməyə gələn ərəb turistlər bu anı yaşamaqdan xüsusi zövq alırlar.

Qarın yağması ilə Qəbələdə qış turizminə erkən start verilib. Rayonun dağlıq əraziləri ağ örpəyə bürünüb. Hazırda yerli və xarici turistlərin kanat yolu ilə dağlarda gəzintisi təşkil edilir, "Tufandağ" otelində istirahəti təmin olunur.

Səudiyyə Ərəbistanından olan turistlər bildirib ki, Qəbələdə havanın qəflətən dəyişməsi və qarın yağması çox maraqlıdır.

"Tufandağ" otelində dincələn əcnəbi turistlər Qəbələyə yağan ilk qardan yararlanaraq yüksək səviyyədə istirahət etməyə çalışırlar. 

Zaqatala, Şəki və Qax rayonlarına qar yağıb
Onlar bu gözəl anları videokameranın yaddaşına köçürür, xatirə şəkilləri çəkdirir, qartopu oynayır, xizəklə sürüşür, qarlı havada dağlarda meşə gəzintisinə çıxırlar. Rayon mərkəzindən 4 kilometr şimalda və dəniz səviyyəsindən 1680 metr hündürlükdə olan kanatla 4 istiqamətə dağ gəzintisinə çıxmaq və qarın yaratdığı əsrarəngiz mənzərəni seyr etmək fürsətini heç kim əldə buraxmaq istəmir. Qış turizmindən həzz almaq üçün son iki gündə Qəbələyə gələn turistlərin sayı xeyli artıb.

Kanatla dağlardan aşağı, yəni Qəbələ şəhərinə doğru qayıtdıqda isə qış fəsli yenidən payıza, qar isə yağışa çevrilir.

Sinoptiklər isə Qəbələdə qarlı havanın hələ bir neçə gün davam edəcəyini proqnozlaşdırırlar...