Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 21 noyabr — Sputnik. Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetinin 2№-li yataqxanasında zəhərlənmə hadisəsi baş verib. Hadisə Mətbuat küçəsi 36 ünvanında olub. Nəticədə 1 otaqda qalan üç tələbə qızdan biri dünyasını dəyişib. Məlumata görə, təcili tibbi yardıma daxil olan müraciətdən sonra həkim briqadası ünvana baş çəkdikdə huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar. Huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib.
Sputnik Azərbaycan hadisə yerinə baş çəkib. Bakı Dövlət Universitetinin sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev jurnalistlərə açıqlamasında deyib ki, ilkin araşdırmalara əsasən, hadisə ev şəraitində hazırlanaraq konservləşdirilmiş məhsullardan, yaxud da marketdən alınmış qidalardan ola bilər: "Hadisə gecə saatlarında baş verib, tələbələr özlərini yaxşı hiss etmədikləri üçün təcili tibbi yardım çağırıblar. İlkin tibbi yardım göstərilib, tələbələrin vəziyyəti yaxşı olduqdan sonra təcili tibbi yardım binanı tərk edib. Lakin səhər saatlarında onlar yenə də özlərini pis hiss ediblər, otaqda olan 3 tələbə qızdan biri dünyasını dəyişib. Digər iki tələbə hazırda həkimlərin nəzarətindədir. Həyati təhlükələri yoxdur. Bu hadisə universitet rəhbərliyinin nəzarətindədir. Digər tələbələrə də qidalarına nəzarət etmələrini tövsiyə edirik".
"Hələlik hansı qidadan zəhərlənmə olması haqda heç bir məlumat yoxdur", - deyə o əlavə edib.
Yataqxana sakinləri isə bu haqda danışmaqdan imtina edərək məlumatsız olduqlarını bildiriblər: "Əsas o idi ki, bir ananın gözü yaşlı qalmasın, amma o da oldu. Buna çox təəssüf edirik. Heç bu hadisə haqda eşitdikdən sonra onların yaşadığı ikinci mərtəbəyə çıxmamışıq, başqa heç bir məlumatımız yoxdur".
Yataqxananın nəzarətçisi də bu haqda məlumat verməkdən imtina edib.
Bu arada təhsil eksperti Kamran Əsədov öz mənbələrinə istinadən Sputnik Azərbaycan-a bildirib ki, tələbə qızlar ötən gün restorandan suşi sifariş ediblər.
Qeyd edək ki, zəhərlənənlər Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi, 1998-ci il təvəllüdlü İbadova Həmidə Bünyamiddin qızı və Kitabxanaçılıq və informasiya fakültəsinin 4-cü kurs tələbəsi, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızıdır. Dünyasını dəyişən Xasmədova Şəkər isə BDU-nun Fizika fakültəsində təhsil alırdı.
Hadisə ilə əlaqədar olaraq tələbələrin valideynlərinə məlumat verilib.
Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, xəstələrə sistem qoşulub, mədələri yuyulub, lazımi köməklik göstərilib. Onlardan götürülən analizlərin nəticələrinin isə təxminən 2 saatdan sonra açıqlanacağı gözlənilir.
1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılan tələbələrdən biri, Dilrubə Quliyevanın əmisi İlqar Quliyev Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, hadisə haqda xəbər tutduqdan sonra dərhal buraya gəlib: "İlkin olaraq zəhərlənmə ehtimalı var idi. Baş həkim və müalicə həkimi ilə görüşdük. Təcili Yardım çağırılıb, lakin onlar qətiyyət göstərməyiblər. Başdansovdu münasibət olub, xəstələr vaxtında xəstəxanaya çatdırılmayıblar. Tələbələr imtina etsələr belə, onlar ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılmalı idilər. Bizim əsas narahatlığımız bundan ibarətdir”.
Qeyd edək ki, hazırda Daxili İşlər Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri hadisə yerindədirlər.