RUSİYA

Rusiya ABŞ-ı qıcıqlandıran layihəni işə salacağı vaxtı açıqladı

"Qaz kəmərinin əleyhinə çıxış etməklə Vaşinqton Avropa ilə üst-üstə düşməyən öz iqtisadi maraqlarını güdür" - Dmitri Novikov
Sputnik

BAKI, 21 noyabr — Sputnik. "Şimal axını-2" qaz kəməri 2020-ci ilin ortalarında fəaliyyətə başlayacaq. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Baş nazirinin müavini Dmitri Kozak bildirib.

O, bunun hansı ayda baş verəcəyini açıqlamayıb.

Qeyd edək ki, ötən gün Rusiya Energetika naziri Aleksandr Novak kəmər vasitəsilə qaz tədarükünün hələ Yeni ilə qədər başladıla biləcəyini istisna etməyib. Onun sözlərinə görə, bu, texniki məsələdir və yalnız borunun tikintisi ilə yox, həm də işə salınması ilə bağlıdır.

Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin sədr müavini Dmitri Novikov isə "RT" kanalına müsahibə zamanı bildirib ki, Avropa ölkələrinin "Şimal axını – 2" layihəsinin reallaşdırılmasına maraq göstərməsi ABŞ tərəfindən yaradılan siyasi maneələri aşmağa imkan verəcək.

"Söhbət ondan gedir ki, Avropanı enerji ilə təmin etmək məqsədilə Rusiya Avropadan olan tərəfdaşlar üçün olduqca maraqlı olan təkliflər edib və nə formal, nə də praktiki olaraq razılaşmaların əldə olunmasını yavaşlatmaq üçün əsas yoxdur", - deyə Dmitri Novikov bildirib.

Onun sözlərinə görə, qaz kəmərinin əleyhinə çıxış etməklə Vaşinqton Avropa ilə üst-üstə düşməyən öz iqtisadi maraqlarını güdür.

Deputat vurğulayıb ki, Moskva sabit enerji tədarükünü təmin edə bilər.

Qeyd edək ki, daha əvvəl Respublika partiyasının senatoru Ted Kruz xəbərdarlıq edib ki, ABŞ-ın sanksiyaları "Şimal axını-2" layihəsinin işə salınmasını bir ilə qədər təxirə sala bilər.

Qazımız yoxdur! Avropa "Şimal axını – 2" qaz kəmərini tələb edir

O, eyni zamanda əlavə edib ki, qaz kəməri "Rusiya təcavüzünün qidalanması" üçün milyardlarla dollar gətirə və Avropa ölkələrinə zərər vura bilər.

Xatırladaq ki, 1220 kilometr uzunluğundakı "Şimal axını-2" qaz boru kəməri Baltik dənizindən keçməklə Rusiyadan Almaniyaya ildə 55 milyard kubmetr qaz nəql etmək gücünə malik olacaq. Rusiyanın enerji nəhəngi "Qazprom" bəyan edib ki, "Şimal axını-2" layihəsi 2019-cu ilin sonunadək başa çatdırılacaq.

Oktyabrın sonlarında Danimarka Baltik dənizində Bornholmdan cənub-şərqdə özünə məxsus olan qitə şelfində qaz kəmərinin çəkilişinə icazə verib. Buna qədər isə layihə Almaniya, İsveç və Finlandiya ilə razılaşdırılıb.

"Şimal axını -2" layihəsinin tikintisinə qarşı Rusiya qazının tranzitinə görə gəlirlərini itirməkdən qorxan Ukrayna, Avropa İttifaqı ölkələrinə öz sıxılmış qazını təklif edən Birləşmiş Ştatlar, bir neçə ölkə - Polşa, Litva və Latviya çıxır.