CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Ruh"dan qorunmaq üçün gərək "xeyr" deyəydiniz

"Yaxşı olardı ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi öncədən insanlara bu haqda məlumat verərdi" - Osman Gündüz
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 21 noyabr — Sputnik. "Müxtəlif şəxsi məlumatları əldə etmək üçün proqram təminatçıları "Google" və "Apple"ın internet mağazalarına üz tutur, müəyyən tətbiqlər yaradırlar. 

Milyardlara insanı gözləyən təhlükə - Başınıza çarə qılın
"Ghost" da belə tətbiqlərdən biri olub. Bu cür zərərli proqramlar vasitəsilə zamanla şəxsi məlumatlar oğurlanır. Texnoloji bilikləri az olan şəxslər bu məlumatları telefonlarına yükləyirlər. Nəticədə isə şəxsi məlumatlar, o cümlədən də fotolar ələ keçirilir".

Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında informasiya və kommunikasiya məsələləri üzrə ekspert Osman Gündüz deyib.

Bu cür proqramların istifadəçilərin məxfilik hüquqlarını pozduğunu söyləyən ekspert deyir ki, "Facebook", "Instagram", "Whatsapp" kimi qlobal resurslara sahib olanlar resurs hazırlayarkən diqqətli olmalı, vətəndaşların hüquqlarını qorumalı, məlumatlarını digər tərəfə ötürməməlidirlər:

"Bundan başqa, vətəndaşlar özləri də hansısa tətbiqi yükləyərkən diqqətli olmalıdırlar. Məlumatların məxfiliyini qorumaq üçün tövsiyə olunur ki, hansısa tətbiqi yükləyərkən sizə bildiriş olaraq "foto və digər fayllara girişə icazə verilsinmi" sualına xeyr cavabı verəsiniz. Ümumiyyətlə, bir proqramı yükləməzdən öncə digər istifadəçilərin də rəyini oxumaq, onun gərəkli olub-olmadığını aydınlaşdırmaq tövsiyə olunur. Əgər tətbiq istifadəçi üçün gərəkli deyilsə, bu zaman onu yükləməmək daha yaxşı seçim olar".

"Yaxşı olardı ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi öncədən insanlara bu haqda məlumat verərdi. Artıq bir aydır ki, bununla bağlı təhlükə olsa da, nazirlik indi bu haqda məlumat yayıb və bildirib ki, yayılan təhlükə ilə əlaqədar olaraq aidiyyəti üzrə müraciət edib və həmin proqramın tətbiqi qadağan edilib. Bir ay idi ki, insanların informasiya dəstəyinə ehtiyacı olsa da, onlara bununla bağlı məlumat verilmirdi", - deyə o əlavə edib.

Xatırladaq ki, bir neçə müddətdir ki, sosial şəbəkə istifadəçiləri "Ghost"  (ingiliscədən tərcümədə "ruh" - red.) tətbiqindən zərər çəkdikləri barədə paylaşımlar ediblər. Bütün dünyada isə bu tətbiq artıq qadağan olunub.