CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bank hesabından nağd pul çıxarmaq çətinləşə bilər

Ekspert: "Elə bir mexanizm işləyib hazırlamaq lazımdır ki, hüquqi və fiziki şəxslər nağdsız dövriyyədə daha çox maraqlı olsunlar. Bunun üçün də vergi, maliyyə mexanizmləri mövcuddur və hazırda dünyada tətbiq olunur"
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 21 noyabr — Sputnik. Azərbaycanda hüquqi və fiziki şəxslərin pul vəsaitlərini bank hesablarından nağd qaydada çıxarmaları bir faiz nağdlaşdırma vergisinə baxmayaraq artıb. Hesablama Palatası pul vəsaitlərini bank hesablarından nağdlaşdıran vergi ödəyiciləri üzrə demotivasiya (eyni zamanda, nağdsız əməliyyatlara üstünlük verilməsini təşviq edən motivasiya) tədbirlərinin gücləndirilməsini təklif edir.

Müştəri pulunu, bank müştərisini itirir - söhbət isə "qəpik-quruş"dan gedir

Palatanın təklifi ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Elşən Bağırzadə Sputnik Azərbaycan-a deyib ki, ölkə iqtisadiyyatında nağd pul iqtisadiyyatı hökm sürür, yəni ölkəmizdə nağd dövriyyənin çəkisi yüksəkdir: "Hətta son rəqəmlər göstərir ki, bu sahədə müəyyən qədər artım da var. Bu da iqtisadi siyasət üçün problemlər yaradır, kölgə iqtisadiyyatı üçün geniş imkanlar açır. Nağdlaşdırmanın qarşısını almaq üçün iki yol var. Birincisi, dolayı yoldur, yəni stimullaşdırma mexanizmidir, ikincisi isə, inzibati yoldur. İnzibati yol ilə bu prosesin qarşısını almağın tərəfdarı deyiləm".

O bildirib ki, burada dolayı metodlar, yəni stimullaşdırma tətbiq edilə və bu, daha real nəticələr verə bilər: "Burada elə bir mexanizm işləyib hazırlamaq lazımdır ki, hüquqi və fiziki şəxslər nağdsız dövriyyədə daha çox maraqlı olsunlar. Bunun üçün də vergi, maliyyə mexanizmləri mövcuddur və hazırda dünyada tətbiq olunur. Məsələn, bu, Cənubi Koreyada, Türkiyədə tətbiq edilir. Bu sahədə dolayı metodlara üstünlük verilməsinin tərəfdarıyam. Sərt inzibati yollar ilə bu məsələnin həlli mümkün deyil, əksinə, iqtisadiyyatda problemlər yarada bilər".

Bank hesabından nağd pul çıxarmaq çətinləşə bilər

"Ümumiyyətlə, nağdlaşdırmada vergi tutmağın, müəyyən bir hədd qoymağın, inzibati mexanizm tətbiq etməyin tərəfdarı deyiləm.

Bu yolla ciddi nəticə əldə etmək olmaz. Sadəcə nağdsız hesablaşmaları stimullaşdırmaq lazımdır ki, vətəndaşlar nağdsıza üstünlük versinlər. Çünki puldan necə istifadə etmək vətəndaşın öz hüququdur, onu nağdsız da, nağd şəklində də istifadə edə bilər. Bunu məhdudlaşdıracaq tədbir görmək lazım deyil.

Sadəcə nağdsız hesablaşmaları stimullaşdırmaq lazımdır ki, sahibkarlar, fiziki şəxslər şüurlu şəkildə nağdsıza üstünlük versinlər", - deyə ekspert bildirib.

Onun sözlərinə görə, bu gün kiçik sahibkarlar üçün yenə də vəsaitin nağdlaşmasına ehtiyac var: "Bu, nağd şəkildə ticarətlə məşğul olanlarla hesablaşmaq üçündür. Kiçik sahibkarlar "Sədərək" və "Binə" ticarət mərkəzlərində alış-veriş edirlər. Bankomatların qarşısında növbələr olmamalıdır. İnsanlar pulu niyə çıxardırlar? Çünki onlara nağd vəsait (alış-veriş etmək üçün, pul köçürmələri üçün və s.) lazımdır. Ona görə də nağdsız hesablaşmaları stimullaşdırmaq, infrastrukturu inkişaf etdirmək lazımdır. POS-terminalların əksəriyyəti işləmir, bunlara nəzarət olmalıdır ki, insanlar pulu nağdlaşdırmağa çalışmasınlar. Və yaxud "Sədərək" və "Binə" ticarət mərkəzlərində, kiçik sahibkarlara xidmət göstərən bazarlarda və digər yerlərdə POS-terminallar, infrastruktur yaradılmalıdır".

Professor gələn ilin büdcəsi barədə: xərclər seqmentinin genişlənməsi davam edəcək

Qeyd edək ki, Hesablama Palatasının "Azərbaycanın 2020-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə deyilir ki, 2018-ci ildə hüquqi və fiziki şəxslər (əhali sektoru istisna olmaqla) tərəfindən nağdlaşdırılan vəsaitin təxmini məbləği 2,9 milyard manat (o cümlədən, hüquqi şəxslər üzrə 2,7 milyard manata, fiziki şəxslər üzrə 0,2 milyard manata) bərabər olub. Bu göstəricinin 2019-cu ilin sonuna 3 milyard manat (o cümlədən, hüquqi şəxslər üzrə 2,8 milyard manat, fiziki şəxslər üzrə 0,2 milyard manat) olacağı gözlənilir. 2020-ci il üçün isə 3,6 milyard manat (o cümlədən, hüquqi şəxslər üzrə 3,4 milyard manat, fiziki şəxslər üzrə 0,2 milyard manat) məbləğində proqnozlaşdırılır.

2019-cu ilin yanvar-avqust aylarında bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,4 milyard manat və ya 19% artaraq 2,5 milyard manat (o cümlədən, hüquqi şəxslər üzrə 2,4 milyard manat, fiziki şəxslər üzrə 0,1 milyard manat) təşkil edib.

Tələbələr yeni kartın istisinə qızınmamış, tüstüsünə kor olublar>>

Həmçinin, Mərkəzi Bankın məlumatlarına əsasən, 2019-cu ilin yanvar-avqust aylarında dövriyyədə olan nağd pulların həcmi ümumilikdə 9,3 milyard manata, dövriyyədə olan nağd pul kütləsinin pul bazasına nisbəti isə 81,4%-ə çatıb. Bu da əvvəlki ilin analoji göstəricilərindən, müvafiq olaraq 1,8 milyard manat və 0,9 faiz bəndi çoxdur.

Göstərilənləri nəzərə alaraq, Hesablama Palatası pul vəsaitlərini bank hesablarından nağdlaşdıran vergi ödəyiciləri üzrə demotivasiya (eyni zamanda, nağdsız əməliyyatlara üstünlük verilməsini təşviq edən motivasiya) tədbirlərinin gücləndirilməsini təklif edir.