Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 21 noyabr — Sputnik. Türkiyənin Ətraf Mühit və Şəhərsalma Nazirliyinin tabeliyindəki Torpaq Qeydiyyatı və Kadastr Baş İdarəsi ölkədə daşınmaz əmlak almaq istəyən xarici ölkə vətəndaşları üçün yeni platforma yaradıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, əcnəbilərin ərazi qeydiyyatı və kadastrla əlaqəli bütün prosedurlarına kömək etmək üçün "Əcnəbilərin məlumat portalı" istifadəyə verilib.
Əcnəbilərə daşınmaz əmlak satışını artırmaq üçün 10 xarici ölkədə 12 nümayəndəlik açılacaq. İlk mərhələdə Türkiyənin Bakıdakı səfirliyində, Berlin, Düsseldorf, Paris və Brüssel baş konsulluqlarında sənəd işləri üçün nümayəndəliklər fəaliyyət göstərəcək. Nümayəndəliklərdə torpaq qeydiyyatı və kadastr məsləhətçisi və attaşesi xidmət göstərəcək.
Maraqlıdır, Azərbaycanda da belə bir platforma yaradıla bilərmi? Bu addım ilə Azərbaycan vətəndaşlarının Türkiyədə daşınmaz əmlak almağı artacaqmı?
Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Elşən Bağırzadə Sputnik Azərbaycan-a deyib ki, Azərbaycan da hökmən belə bir platforma yaratmalıdır:
"Ölkəmizdə kifayət qədər satılmayan daşınmaz əmlak var. Bazarı dirçəltmək üçün bu metoddan istifadə oluna bilər. Dövlət xarici ölkə vətəndaşlarının ölkədə daşınmaz əmlak almasında maraqlı olmalıdır və bu, sərfəlidir. Ölkəyə pul, valyuta gəlir".
O bildirib ki, statistikaya baxanda onsuz da azərbaycanlılar hər dəfə Türkiyədə daşınmaz əmlak alanların içərisində ilk beşlikdə yer tuturlar: "Hətta keçən yayda açıqlanan statistikada Türkiyədə daşınmaz əmlak alanların içərisində azərbaycanlılar birinci yerdə olublar. Azərbaycanlıların Türkiyədə daşınmaz əmlaka marağı çox böyükdür. İndi daşınmaz əmlak almağı Türkiyə daha da asanlaşdırıbsa, əcnəbilərin bu ölkədə daşınmaz əmlak almağı artacaq. Amma bunun Azərbaycan iqtisadiyyatına zərəri var. Çünki pul ölkədən xaricə çıxır, başqa ölkənin iqtisadiyyatına investisiya şəklində qoyulur".
"Türkiyə başqa yollar ilə də əcnəbilərin bu ölkədə daşınmaz əmlak almağını stimullaşdırır. Bəlli məbləğdə çox daşınmaz əmlak alanlara vətəndaşlıq da verilir. Bu da ciddi bir stimullaşdırma mexanizmidir. Bu, tətbiq olunandan sonra Türkiyədə daşınmaz əmlak alanların sayı çoxalacaq", - deyə ekspert bildirib.
O qeyd edib ki, Türkiyədə iqtisadiyyatın əsas sahəsi tikinti və inşaat sektorudur:
"Hazırda bu sahə durğunluq dövrünü yaşayır. Bu sektoru canlandırmaq üçün xarici ölkə vətəndaşları üçün hər bir şərait yaradılır. Əcnəbi bir bina alanda ölkəyə pul gəlir, ikincisi, onu icarəyə verən zaman dövlətə vergi ödəyir, daşınmaz əmlak bazarında canlanma yaradır, yəni ölkə iqtisadiyyatı qazanır".
Qeyd edək ki, Türkiyənin istifadəyə verdiyi portalda həmçinin, əcnəbilərə ətraflı suallar və məlumat sorğuları üçün müraciət etmək imkanı təklif ediləcək və cavablar bir iş günü ərzində veriləcək. Bundan əlavə, Dohada, Küveytdə, Osloda, Londonda və digər şəhərlərdə konsulluqlardan kənarda ofislər icarəyə götürüləcək və sənəd işləri üçün nümayəndəlik açılacaq.