MƏDƏNİYYƏT

Müştərək film: Özbəklər azərbaycanlıları gözləyirlər

Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev əmin olduğunu bildirib ki, Özbəkistan Kino Həftəsi çərçivəsində nümayiş etdiriləcək filmlər Azərbaycan tamaşaçısında maraq oyadacaq
Sputnik

BAKI, 19 noyabr — Sputnik. Azərbaycan Mədəniyyət Nazirliyinin və "Özbəkkino" Milli Agentliyinin təşkilatçılığı ilə noyabrın 17-24-də Azərbaycanda Özbəkistan Kino Həftəsi keçirilir.

Sputnik Azərbaycan xəbər verir ki, Özbəkistan Kino Həftəsinin Nizami Kino Mərkəzində açılışı baş tutub.

Azərbaycan Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin əməkdaşı Almas Sultanzadə tədbirdə iştirak etmək üçün Azərbaycana gələn nümayəndə heyətinin üzvlərini təqdim edib. O bildirib ki, Özbəkistan Kino Həftəsi ölkəmizdə artıq ikinci dəfədir keçirilir. Azərbaycan kinematoqrafçılarının nümayəndə heyəti bu yaxınlarda Özbəkistanda səfərdə olub. İndi isə özbək kinematoqrafçılar ölkəmizə cavab səfərinə gəliblər.

"Özbəkkino" Milli Agentliyinin baş direktorunun müavini Şukrulla Rizayev son illərdə ölkələrimiz arasında mədəni əlaqələrdən danışaraq qeyd edib ki, tərəflər müştərək filmin çəkilişlərinə başlamağa hazırdırlar.

Daha sonra Azərbaycanın Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev özbək kinematoqrafçılarının nümayəndə heyətini salamlayaraq bildirib ki, ölkələrimiz arasında əlaqələr bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində uğurla inkişaf edir.

Filmin ən maraqlı yerini pəncərədən çəkdi - VİDEO

Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev əmin olduğunu bildirib ki, Özbəkistan Kino Həftəsi çərçivəsində nümayiş etdiriləcək filmlər Azərbaycan tamaşaçısında maraq oyadacaq. Kino Həftəsi rejissor A.Miqnarovun "İmom Abu İso Muhammad Termizi" bədii filminin nümayişi ilə açılıb.

Nümayəndə heyəti noyabrın 19-da Azərbaycan Dövlət Film Fondunun fəaliyyəti ilə tanış olacaq. Burada ölkəmizin kinematoqrafçıları ilə görüş keçiriləcək, kino sahəsində gələcək əməkdaşlıq müzakirə ediləcək.

Nümayəndə heyəti Azərbaycanın bölgələrinə - Şəki, İsmayıllı və Qəbələyə də gedəcək, yerli adət-ənənələr, tarixi abidələrlə tanış olacaq.

Bölgələrdə özbək filmləri nümayiş etdiriləcək. Filmlərə baxış pulsuz olacaq.