CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda məhkəmə sistemində yenilik

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslərə özəl məhkəmə eksperti şəhadətnaməsi veriləcək
Sputnik

BAKI, 19 noyabr - Sputnik. Milli Məclisin bu gün keçirilən "Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında" qanunda dəyişikliklər müzakirəyə çıxarılıb.

Bundan sonra məhkəmələrin müqayisə imkanı olacaq: bir sifarişiniz işi tamam dəyişə bilər

Sputnik Azərbaycan-ın məlumatına görə, dəyişiklik “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” dövlət başçısının 3 aprel 2019-cu il tarixli fərmanının icrası ilə əlaqədar hazırlanıb. Belə ki, həmin fərmanda mülki işlər, habelə inzibati xətalara, iqtisadi və inzibati mübahisələrə dair işlər üzrə məhkəmə ekspertizasının keçirilməsi və ekspert rəyinin verilməsi müddətlərinin dəqiqləşdirilməsi, məhkəmə prosesi tərəflərinin ekspertiza təyin edilməsi ilə bağlı hüquqlarının genişləndirilməsi, o cümlədən ekspertizanın özəl qurumlar tərəfindən həyata keçirilməsi ilə bağlı normativ hüquqi aktların layihələrinin hazırlanması barədə müvafiq tapşırıqlar verilib.

Buna uyğun olaraq məhkəmə ekspertizasının yalnız dövlət ekspertiza idarələri tərəfindən deyil, həmçinin özəl qurumlar tərəfindən də həyata keçirilməsi nəzərdə tutulur.

Dəyişikliklər müvafiq icra hakimiyyəti orqanı tərəfindən məhkəmə ekspertizası idarələrində fəaliyyət göstərən ekspertlərə dövlət məhkəmə eksperti şəhadətnaməsi, özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslərə isə özəl məhkəmə eksperti şəhadətnaməsinin verilməsini nəzərdə tutur.

Dəyişiklik birinci oxunuşda səsə qoyularaq qəbul edilib.