BAKI, 18 noyabr — Sputnik. Tbilisidə xüsusi təyinatlılar Gürcüstan parlamentinin ətrafını etirazçılardan təmizləyib. Sputnik Gürcüstan xəbər verir ki, etiraz aksiyası iştirakçıları parlamentin qarşısından Rustaveli prospektinə doğru sıxışdırılıb.
Etirazçılara qarşı suvuran avtomobillərdən də istifadə olunub. Müxalif deputatlar da daxil olmaqla aksiya iştirakçıları ərazini tərk etməkdən imtina edir və Gürcüstan DİN nümayəndələrinə müqavimət göstərirlər. Buna baxmayaraq, xüsusi təyinatlılar artıq mitinq iştirakçılarının çadırlarını belə, ərazidən yığmağa müvəffəq olublar.
Qarşıdurma zamanı bir neçə nəfər xəsarət alıb.
Xatırladaq ki, müxalifət hazırda Tbilisidə parlamentin binası qarşısında mitinq keçirir. Aksiya Gürcüstanın ən böyük müxalifət partiyası olan "Vahid Milli Hərəkat"ın çağırışı ilə başlayıb.
Etiraz aksiyasına "Avropalı Gürcüstan", "Vətənpərvərlər Alyansı" partiyalarının tərəfdarları da qoşulub. Etirazçılar müvəqqəti hökumətin qurulması, 2020-ci ildə parlament seçkilərində proporsional sistemin tətbiq edilməsi və hazırkı Mərkəzi Seçki Komissiyasının tərkibinin dəyişdirilməsini tələb edirlər.
Qeyd edək ki, noyabrın 14-də Gürcüstan parlamentində keçirilən səsvermədə proporsional seçki sisteminə keçidi nəzərdə tutan konstitusiya düzəlişinin qəbul edilməməsi müxalifətin etirazına səbəb olub. Ötən gecə parlament binası qarşısında böyük çadır qurulub və qərargah yaradıldığı elan edilib.