MƏDƏNİYYƏT

Mirzə Cəlilin bir əsərini oxumayan Cavanşiri: “Onun belə böyük şəxs olduğunu bilmirdim”

Xalq yazıçısı Anar ev muzeyinin açılışında kədərli faktları xatırlayıb, dahi yazıçının uşaqlarını qızdırmaq üçün əlyazmalarını sobada yandırdığını bildirib
Sputnik

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 18 noyabr — Sputnik. Bu gün Azərbaycanın görkəmli yazıçısı və ictimai xadimi Cəlil Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri və onun oğlu Pşemislav Cavanşiri ilk dəfə Azərbaycana gəliblər.

Mirzə Cəlilin bir əsərini oxumayan Cavanşiri: “Onun belə böyük şəxs olduğunu bilmirdim”

Sputnik Azərbaycan xəbər verir ki, onları Bakıya AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli dəvət edib. Dahi mütəfəkkirin nəticəsi və onun oğlu Fəxri xiyabanda babaları C.Məmmədquluzadənin və nənələri Həmidə Cavanşirinin məzarını ziyarət ediblər.

Ziyarətdən sonra onlar C.Məmmədquluzadənin ev muzeyinin təmirdən sonra açılışında iştirak ediblər. Açılış mərasiminə Azərbaycanın görkəmli ziyalıları qatılıb. Çıxış edən Mədəniyyət nazirinin müavini Vaqif Əliyev Cəlil Məmmədquluzadənin dünya mütəfəkkirləri ilə bir sırada durduğunu vurğulayıb. O, eyni zamanda onun hər bir azərbaycanlının doğması olduğunu söyləyib: “Hazırda açılışını edəcəyimiz Cəlil Məmmədquluzadənin evi muzeyi Bakı Şəhər Mədəniyyət İdarəsi tərəfindən təmir olunub. Hesab edirəm ki, bu muzeydə yazıçının yaradıcılığı və irsi ilə yaxından tanış olmaq üçün yüksək səviyyədə şərait yaradılıb”.

Mirzə Cəlilin bir əsərini oxumayan Cavanşiri: “Onun belə böyük şəxs olduğunu bilmirdim”

Daha sonra çıxış edən Xalq yazıçısı Anar qeyd edib ki, hər dəfə bu muzeyə gələndə fərəh hissi ilə yanaşı, kədər hissləri də keçirir: “Ona görə ki, bu ev muzeyində Cəlil Məmmədquluzadənin ən kədərli anları keçib. Ömrünün axır illərində xəstə olduğu, təqiblərə məruz qaldığı dövrlərini burada yaşayıb. Bu evin soyuq divarlarını isitmək üçün əlyazmalarını sobaya atıb yandırırmış. Həmidə xanım öz xatirələrində deyirdi ki, həmin yazıların nə qədər dəyərli olduğunu bilirmiş. Etiraz edəndə isə Mirzə Cəlil deyirmiş ki, təki uşaqlara soyuq olmasın. Onun bizə qoyub getdiyi əsərlər nəinki onun varislərinin, bizim hamımızı isidir”.

Mirzə Cəlilin bir əsərini oxumayan Cavanşiri: “Onun belə böyük şəxs olduğunu bilmirdim”

Dahi yazıçının nəticəsi Martin Cavanşiri çıxışında babası haqqında ümumi məlumatlarının olduğunu vurğulayıb: “Amma onun bu qədər əhəmiyyətli şəxs olduğunu təsəvvürümə gətirə bilmirdim. İlk dəfədir ki, Azərbaycana gəlirəm. Bura həm müasirdir, həm də ənənələrə bağlı bir ölkədir”.

Qeyd edək ki, Cəlil Məmmədquluzadə şəcərəsinin nümayəndələri ilk dəfədir doğma Vətənə gəliblər.

Yazıçının nəticəsi Martin Cavanşiri hazırda Polşada mühəndis işləyir. Təəssüflər olsun ki, Martin Azərbaycan dilində bilmir və ulu babasının heç bir əsərini oxumayıb.