MƏDƏNİYYƏT

İrfan Çiftçi iki ölkənin əlaqələrindəki problemlər barədə: "Bu mövzuda kompleks var"

Özümüzünkü gələndə çöldə, yad gələndə ən dəbdəbəli sarayda qarşılamaq doğru deyil. Dediyim bu problem Türkiyədə də, Azərbaycanda da digər türk dövlətlərində də var.
Sputnik

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 17 noyabr — Sputnik. Uzun illərdir Azərbaycanda fəaliyyət göstərən, xüsusi ilə Türkiyə və Azərbaycan arasındakı mədəni əlaqələrin inkşafında xidmətlər göstərmiş Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət və tanıtım müşaviri, şair-yazar İrfan Çiftçini agentliyimizə dəvət etdik. Bu yaxınlarda yekunlaşmış Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurasının) VII sammitinin nəticələri, eləcə də mədəni münasibətlərin gələcək perespektivləri barədə söhbətləşdik.

- İrfan bəy, dəvətimizi qəbul etdiyiniz üçün təşəkkür edirəm. Artıq 3 ilə yaxındır ki, müşavir vəzifəsində çalışırsınız. Bu müddət ərzində hansı layihələri həyata keçrmisiniz, hansılar hələ də həllini gözləyir?

- Yazıçılar Birliyi, ali məktəblər ilə müxtəlif layihələr həyata keçirmişik. Bu layihələr ortaq mədəniyyət və incəsənət sahəsini əhatə edib. Xüsusi ilə ötən il Azərbaycan Respublikasının yaranmasının 100 illiyi ilə əlaqədar layihələr keçirilib. Bu çərçivədə sərgilərimiz oldu. Ən böyük sərgimiz "Rənglərin qardaşlığı" adlı layihə idi. İki türk dövlətinin bağlılığından bəhs edirdi. Bununla yanaşı Türkiyədən çox sayda yazarlar bura gəldi. Yazıçı Anarın 80 illik yubileyi ilə əlaqədar Türkiyədə tədbir keçirdik. Bakıdan çox sayda yazıçıları ora göndərdik. Daha sonra gənclərin iştirakı ilə bir neçə layihələrimiz olub. Kayseridə gənclik teatr festivalına, eləcə də Antalyada baş tutan kino festivalına 10-a yaxın gəncləri göndərdik. Mədəniyyətlə yanaşı Türkiyənin tanıdılması ilə bağlı fəaliyyətimiz var. Hər il turizm sərgisinə qatılırıq. 3 gün davam edən bu sərgidə canlı olaraq sənət nümunələri də nümayiş olunur. Həmçinin hər iki dövlətin turizm sahəsində çalışan şəxsləri görüşdürürük. Bu görüşə hər iki tərəfdən 100-dən artıq şəxs qatılır. Gördüyümüz bu işin nəticəsi olaraq Azərbaycandan Türkiyəyə gedənlərin sayı 70 faiz artıb.

- Maraqlıdır, bəs Türkiyədən Azərbaycana gələn turist sayında artım müşahidə edilirmi?

- Təəssüf ki, əksinə azalma var. Bununla bağlı araşdırma apardıq. Nəticələri Dövlət Turizm Agentliyi ilə də bölüşdük. Bunun əsas səbəbi Azərbaycanda turistləri gətirə biləcək agentliklər yox deyəcəyimiz qədər azdır. Türkiyədən digər ölkələrə turist kimi gedən şəxslərin sayı çoxdur. Xüsusilə Orta Avropaya gedən insanları Bakıya yönəltmək olar. İkinci ən böyük səbəb biletlərin çox yüksək məbləğdə olmasıdır.

İrfan Çiftçi iki ölkənin əlaqələrindəki problemlər barədə: "Bu mövzuda kompleks var"

- Təyyarə biletlərinin qiymətində ucuzlaşdırılması ilə bağlı hansı addımlar atılır? Bu yöndə danışıqlar gedirmi?

- Bütün rəsmi görüşlərdə bu problem dilə gətirilir. Bu işin bir amması odur ki, "Türk Hava Yolları"nın AZAL ilə anlaşması var. Ona görə də ya bu şirkətlər qiymətində endirim etməli, ya da rəqabət üçün digər şirkətlərə icazə verilməlidir. Türkiyədən Azərbaycana bir həftəlik turlar 1200-1400 dollar arasıdır. Türkiyədən Praqaya və ya Budapeştə eyni müddət üçün 500-600 dollar lazım olur. Bakıya gəlməməyə digər bir səbəb isə otellərlə bağlıdır. Düzdür, son illərdə Bakıda çox otellər açılıb. Amma xidmət səviyyəsi aşağıdır. Bu yöndə çalışan insanlar üçün müxtəlif təlimlərin keçirilməsi üçün Dövlət Turizm Agentliyinə təklif vermişik. Onlardan cavab gözləyirik.

- Müsahibələrinizin birində bildirmişdiniz ki, Bakıda türk kitabxanalarının olmaması sizi narahat edir. Hələ də bu fikirdəsiniz?

- 3 il əvvəl mənzrə bu cür idi. İndi bir çox kitab evləri fəaliyyət göstərir. Orada türk yazıçılarının əsərləri də yer alır. Eyni zamanda son illərdə internet üzərindən kitab alma və ya endirmə daha çoxalıb. Ona görə də indi vəziyyəti qənaətbəxş hesab etmək olar. Bununla yanaşı, yeni yazarların təbliği işlərini davam etdirməliyik. Bilirsiniz ki, insanlar daha çox tanınmış yazıçıların kitabını oxuyur. Başqa bir məsələyə də diqqətinizi yönəltmək istəyirəm. Bu yaxınlarda türk dövlətlərinin zirvə toplantısında da vurğulandığı kimi biz bir millət iki dövlət yox, bir millət çox dövlətik. Ona görə də bizi birləşdirən dəyərlərin təbliği yönündə işlər aparılmalıdır. Bəzən ailənin içində baba şikayət edir ki, nəvə məni niyə sevmir? Amma özünə sual vermir ki, nəvənin səni sevməyi üçün nə etmisən?

"Türk balasıyam, Bakıda qalasıyam" - əcnəbi müğənni vətənimizi necə sevdirir

- Bu sözünüzdən belə anlaşılır ki, dəyərlərin təbliği yönündə ən böyük yük Türkiyənin üzərinə düşür.

- Haqlısınız. Ona görə də qeyd etdim ki, Türkiyənin bu yöndə çox iş görməlidir. Türk dövlətləri arasında mədəni inteqrasiyanın baş tutması üçün sürətli hərəkət etməliyik.

- Bildiyim qədəri ilə Türk dövlətlərinin sənədli film festivalı keçirilir. Azərbaycanda əvvəl Bakı Dövlət Universitetində daha sonralar isə Mədəniyyət və İncəsənət Universitetində baş tutub. Amma nədənsə bu festivalların tanıtımı çox aşağı səviyyədədir.

- Hazırki prezidentimiz Rəcəb Tayyib Ərdoğan İstanbul bələdiyyə başqanı olduğu zamanda mən mədəniyyət idarəsinə rəhbərlik edirdim. 1994-cü ildə bu işlərin təməlini qoydum. Türk dünyası opera, kino, teatr, ədəbiyyat festivalları keçirdik. Eyni zamanda Azərbaycan, Tatarıstan, Özbəkistan mədəniyyət günlərini təşkil etdim. Kino festivalına Çingiz Aytmatov, Tolomuş Okayev, Şöhrət Abbasov, Oljas Süleymanov, Rasim Balaev, Rüstəm İbrahimbəyov, Rasim Ocaqov qatılmışdı. Davamı olmadı.

- Səbəb nə idi?

- Ümumiləşdirib desək, bu mövzuda kompleks var. Yetəri qədər bir-birimizə sevgi göstərə bilmirik. Açıq deyəcəm. Bakıda keçirilən kino festivalını da, Dədə Qorqud festivalını da "Jara" festivalı kimi keçirməliyik. Yəni, bu işlər qarşılıqlı olmalıdır. Özümüzünkü gələndə çöldə, yad gələndə ən dəbdəbəli sarayda qarşılamaq doğru deyil. Dediyim bu problem Türkiyədə də, Azərbaycanda da, digər türk dövlətlərində də var. Ən böyük arzularımdan biri Bakıda Türk teatrı və mərkəzi yaratmaqdır. Buradan getməmişdən öncə istəyimi reallaşdırmaq arzusundayam.

- Son olaraq zirvə toplantısının nəticələri və gözləntiləriniz barədə fikirləriniz bildirərdiniz.

- Nurlsultan Nazarbayevin çox mühüm bir mesajı oldu. O bildirdi ki, artıq 7 dəfə biz bu zirvə toplantısını keçirmişik. BMT-yə müraciət edərək bu toplantını təşkilat halına gətirməyimiz lazımdır. Bakıda dövlətlər arasına ticarət və sənaye birliyi yaradıldı. Növbəti ilə qədər qarşıya qoyilan bu məqsədlərin həyata keçirilməsi nəzərdə tutulur.