CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gecənin zülməti və qəfillik: Rusiyaya aparan yolun "kamikadze"ləri

"On ilə yaxındır ki, bu yoldan Rusiya Federasiyasına yük daşıyıram. Xızı rayonu ərazisindən SDK-ya qədər məsafəni qət etdikcə çox böyük narahatlıq keçirirəm"
Sputnik

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 16 noyabr — Sputnik. Hazırda dünyada 1 milyarddan artıq insan velosipeddən istifadə edir. O, hər kəsin rahat əldə edə bildiyi nəqliyyat növüdür. Ancaq müsbət cəhətləri ilə yanaşı, velosiped həm də avtomobil sürücüləri üçün təhlükə mənbəyidir. Azərbaycanın şimal bölgəsində bu təhlükə getdikcə çoxalmaqdadır. Həm yerli,  həm də buraya qonaq gələn avtomobil sürücüləri bununla bağlı şikayətlərini Sputnik Azərbaycan-a bildiriblər.

Şabran rayon sakini Fərid Məmmədov velosiped sürücülərinin qayda-qanuna əməl etməməsi barədə danışır: "Bildiyim qədəri ilə avtomobil hərəkəti qaydaları ilə yanaşı, velosiped sürənlər üçün də qanunvericilikdə müəyyən qaydalar var. Bizim bölgədə gecə və gündüz yol ətrafı addımbaşı velosiped sürənlərə rast gəlmək mümkündür. Məsələ orasındadır ki, çoxları gecə vaxtı velosipedi fənərsiz sürürlər. Bu vəziyyət isə olduqca təhlükəlidir".

Gecənin zülməti və qəfillik: Rusiyaya aparan yolun "kamikadze"ləri

Durumdan ən çox əziyyət çəkənlər Samur-Dəvəçi kanalına (SDK) gedən böyük yük avtomobillərinin sahibləridirlər. Bununla bağlı “tır” sahibi Vəfadar Abdullayev narazılıq edir: "On ilə yaxındır ki, bu yoldan Rusiya Federasiyasına yük daşıyıram. Xızı rayonu ərazisindən SDK-ya qədər məsafəni qət etdikcə çox böyük narahatlıq keçirirəm. Ən çox da belə vəziyyət Xaçmaz rayon ərazisindədir.

Gecə vaxtı velosipedi işıqsız idarə etmələri bir yana, çox vaxt arxa tərəfində heç bir işıqlandırma olmadan eyni hərəkət yolunda idarə edirlər. Bu isə biz sürücüləri çətin vəziyyətə salır. Bir neçə dəfə qəza törətməkdən son anda xilas olmuşam".

Sürücülərin sözlərinə görə, yollarda gecə velosipedçilərindən təngə gələnlərin çoxu da buraya üz tutan turistlərdir. Onların yola və "gecə yolçularına" nabələd olmağı qəza vəziyyəti yaradır.

Yol-nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirir ki, qaydalara əməl olunmaması ilk növbədə velosipedçilərin özləri üçün təhlükəlidir:

"Velosipedçilərin hərəkəti ilə bağlı "Yol hərəkəti qanunu"nda bütün qaydalar yazılıb. Gecə vaxtı velosipedlə yola çıxmaq müəyyən qaydalar çərçivəsində mümkündür. İlk növbədə velosiped ağ fənərlə təchiz edilməlidir. Velosiped sürücüsü nəqliyyat axınının əksi istiqamətində hərəkət etməlidir ki, qarşıdan gələn sürücülər ağ fənər işığını görə bilsinlər. Avtomobillərlə eyni hərəkət istiqamətində hərəkət etdikdə isə onların həm özü, həm də sürücülər üçün təhlükəli ola bilər. Çünki sürücü velosipedi görməyib qəza törədə bilər".

Bəziləri yollarda velosipedçilərin qəza şəraitinə səbəb olmasını onların yaşının az olması ilə bağlayırlar. Ekspertin sözlərinə görə, qanunla ümumi istifadədə olan yollarda velosiped sürmək üçün 14 yaşdan yuxarı olan şəxslərə icazə verilir: "Bu yaşdan aşağı olan yeniyetmələrin ümumi yollarda velosiped sürmələri yolverilməzdir. Ərazi üzrə yol polisi orqanları azyaşlıları saxlayıb qayda-qanunu izah edib, valideynlərinə məlumat verməlidir. Bu təhlükənin aradan qalxması üçün mütəmadi olaraq profilaktik maarifləndirmə işi aparılmalıdır".

Fənərsiz velosiped sürülməsi üçün hər-hansı bir cəza verilməsinə gəldikdə isə E.Muradlı bildirir ki, buna görə cərimə nəzərdə tutulmayıb: "Belə vəziyyət olduqda yol polisi saxlayıb xəbərdarlıq etməlidir. Amma digər qayda-qanunu pozduqda onlar da cərimə olunurlar. Cərimə 30 manatdan başlayır".