CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rahatlıq üçün açılan qapılar ölümə aparır - yanğına ondan əvvəl hazırlaşmaq gərəkdir

"Tikinti zamanı mühəndis heyəti tərəfindən prosesə nəzarət həyata keçirilir. Layihədən kənara çıxma aşkarlandıqda isə o zaman sifarişçi və podratçıya tələbnamələr, məktublar ünvanlanır" - Elnur Babayev
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 16 noyabr — Sputnik. Bakıda hündürmərtəbəli binalarda yanğına hadisələri nadir deyil. Bu günlərdə Xətai rayonunda baş verən bir yanğında 11 nəfər tüstüdən zəhərləndi ki, onların da 5-i uşaq idi. Bakının küləklər şəhəridir və bu səbəbdən yanğın hadisələrinin miqyasının böyüyə bilmə ehtimalını nəzərə alsaq, binalarda yanğın çıxışının olmadığı halda nəticələrin daha ağır ola biləcəyini proqnozlaşdırmaq olar.

Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi daxili xidmət polkovniki Elnur Babayevlə həm yeni tikililərdəki vəziyyət, həm də köhnə tikililərdə yanğın baş verərsə, nə etmək lazım olduğu barədə danışıb.

Bakıda yanğın olub, zəhərlənənlərin yarısı uşaqlardır

E.Babayev bildirib ki, yüksək mərtəbəli tikililərin tüstülənməyən pilləkən qəfəsləri var. Pilləkən qəfəsləri yanar materiallardan təcrid olunub: "Bu tikililərdə hər bir blokun bir pilləkən qəfəsi olur və onun vasitəsi ilə hadisə zamanı insanlar təxliyə edilirlər. Blokun eyvanından həmin o pilləkən qəfəsinə daxil olan hissədə qapı yoxdursa, baş verən yanğın külək vasitəsi ilə pilləkən qəfəsinə daxil ola bilər. Belə olan halda binanın sakinləri yuxarı mərtəbələrdən təxliyə olunarkən pilləkən qəfəsində tüstü ilə qarşılaşa bilərlər. Etiraf edək ki, elə sakinlər var ki, onlar rahatlıq üçün bu qapıları açıq vəziyyətdə saxlayırlar. Lakin qeyd etmək istəyirəm ki, mövcud Yanğın Təhlükəsizliyinin Norma və Qaydalarına müvafiq olaraq həmin qapılar kip bağlanmalı, avtomatik bağlanan mexanizmlə təchiz olunmalıdır. Yəni bina sakini hətta onu örtmədikdə avtomatik mexanizmlə qapı bağlanır".

"Dövlət Nəzarət Xidməti tərəfindən təqdim olunan bütün layihə sənədləri yanğın təhlükəsizliyi baxımından araşdırılır. Belə olan halda hansısa nöqsan varsa, o, aradan qaldırılır. Nöqsanlar aradan qaldırıldıqdan sonra onların layihə sənədlərinə müsbət cavab verilir. Tikinti zamanı da mühəndis heyəti tərəfindən prosesə nəzarət həyata keçirilir. Layihədən kənara çıxma aşkarlandıqda isə o zaman sifarişçi və podratçıya tələbnamələr, məktublar ünvanlanır", - deyə E.Babayev əlavə edib.

Layihə sənədi təqdim olunduqda bu cür pilləkən qəfəslərinin göstərilib-göstərilməməsi məsələsinə gəldikdə isə həmsöhbətimiz bunları deyib: "Belə bir hal bir dəfə baş verdiyi üçün bunu kütləvi adlandırmaq olmaz. Çünki bu bizim daim qarşılaşdığımız məsələ deyil. Çünki hündürmərtəbəli binaların tikilməsi üçün hazırlanan layihədə belə bir hissənin olmaması çox ciddi çatışmazlıqdır".

Köhnə tikililərə gəldikdə isə E.Babayev bildirib ki, 3, 5 və 9 mərtəbəli yaşayış binalarında təxliyə yanğın hadisəsi zamanı adi pilləkən qəfəsləri ilə həyata keçirilir:

"Vətəndaşın evində yanğın hadisəsi baş veribsə, onun mənzili tərk etmə imkanı yoxdursa, o zaman hadisə baş verməyən otağın qapısının kip bağlanması, əgər otaqlar arasında dəliklər (məsələn, qapının altında) varsa, isladılmış əskilərlə onları tutmaq, eyvana çıxaraq kömək gözləmə və bununla bağlı qonşulardan Dövlət Yanğından Mühafizə İdarəsinə məlumat çatdırmaları tövsiyə olunur".

"Qeyd edim ki, pilləkən qəfəsləri də H1, H2, H3 olmaqla qruplara ayrılır. 16 mərtəbəli və 5 mərtəbəli binalarda adi pilləkən qəfəsindən istifadənin məsafəyə görə fərqi var. Məsafənin az olması 5 mərtəbəli binalarda bu cür pilləkən qəfəsləri ilə təxliyə olunmağa imkan verir. Məsafə çox olduqda isə hündürmərtəbəli binadan adi pilləkən qəfəsi ilə düşmək hətta faciə ilə də nəticələnə bilər", - deyə o əlavə edib.

Mətbəxdə divan qoyub oturmayın, bu, fen-şuy deyil, həyatda qalmağın bir yoludur

Yerüstü və yeraltı yanğın su hovuzları ilə bağlı vəziyyətə gəldikdə isə E.Babayev deyir ki, yanğın zamanı bütün su mənbələri nəzərdən keçirilir: "Yanğın avtomobilinin istiqamətlənərək dənizdən su alma ehtimalı varsa, belə olan halda dənizdən də su götürülə bilər. Respublika ərazisində yanğın su hovuzları mövcuddur və gündəlik olaraq hidrantlaşdırma prosesi də aparılır. Müəyyən məsafələr, tikililər arası məsafə nəzərə alınmaqla hidrantlar quraşdırılır".

"Obyektlərin yanğın təhlükəsizliyinə cavab verməsi ilə bağlı Dövlət Yanğın Nəzarəti Xidmətinə istismara qəbul üçün müraciət edilən zaman layihə sənədində tikilinin yaxınlığında yanğın su hovuzu, yaxud da hidrantlar yoxdursa, bu zaman onun layihəsində yanğın su hovuzlarının olması nəzərdə tutulur. Həmin obyektin ərazisində xarici yanğınların söndürülməsi üçün yanğın su hovuzları inşa edilir. Obyektin özündə daxili yanğın su kranları, təyinatından asılı olaraq avtomatik yanğınsöndürmə qurğuları quraşdırılıbsa, bu zaman onun daxili yanğın su hovuzunun da olması mütləqdir", - deyə E.Babayev vurğulayıb.

O bildirib ki, ərazilərdə mövcud olan su hovuzlarını təftiş etmək, onun vəziyyətini öyrənmək, nöqsan və nasazlığı aşkarlamaq müfəttiş heyətinin görəcəyi işlərdir:

"Çünki doldurucu su xəttində hansısa nöqsanlar ola bilər. Yaxud da həmin o yanğın su hovuzunun su saxlama qabiliyyəti olmaya, hətta lyuku da olmaya bilər. Lyukun olmaması su hovuzunun çirklənməsinə, zibillərin içinə atılmasına səbəb olur. Onu qeyd edim ki, hər bir yanğın su hovuzu müəssisənin balansındadır. Yanğınla bağlı çatışmazlıq olduqda həmin o müəssisənin rəhbərliyinə müvafiq məktublar ünvanlanır və yanğınla bağlı çatışmazlıqlar diqqətə çatdırılır".

Yanğın su hovuzundan başqa məqsədlər üçün istifadə edilməsinin qadağan olduğunu deyən mütəxəssis bildirir ki, bu su hovuzları hər bir müəssisənin özünə məxsusdur: "Sadəcə olaraq bizdə qeydiyyatda olduqları üçün onlara nəzarət tərəfimizdən həyata keçirilir".

E.Babayev bildirib ki, su hovuzlarının ərazisinin zəbt olunması ilə bağlı son zamanlar bir hal ilə rastaşmayıb: "Lakin bir neçə il öncə su hovuzu yerləşən ərazinin ətrafında qanunsuz tikintilər aparılması ilə bağlı məlumat əldə etmişdik. Buna əsasən də müvafiq addımlar atmışıq".