CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Azəriqaz" "Azəristiliktəchizat"a tutarlı "cavab" verdi

"İstilik tarifləri maya dəyərindən aşağı olduğundan istilik haqları tam yığılsa belə, qazın borcunu tam ödəmək mümkün deyil" - "Azəristiliktəchizat"
Sputnik

BAKI, 16 noyabr — Sputnik. “Azəriqaz” İstehsalat Birliyi “Azəristiliktəchizat” ASC-nin ona borclu olmasına baxmayaraq, qazanxanaların təbii qaz təchizatını bərpa edib.

Bu barədə Sputnik Azərbaycan-a "Azəriqaz" İstehsalat Birliyinin Mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov deyib.

O bildirib: “Azəristiliktəchizat”ın “Azəriqaz”a 29 milyon manatdan çox borcu var. Buna görə də qazanxanaların qaz təchizatı dayandırılmışdı. Bununla belə, təchizatı bərpa etdik”.

Bu gün səhər C.Səfərov məsələ ilə bağlı iki qurum arasında danışıqlar getdiyini, borc ödənilməmiş qazın verilməsi barədə razılığın olmadığını açıqlamışdı. 

"Azəristiliktəchizat"ın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumatda isə: "İstilik tarifləri maya dəyərindən aşağı olduğundan istilik haqları tam yığılsa belə, qazın borcunu tam ödəmək mümkün deyil", - deyə bildirilmişdi.

Xatırladaq ki, "Azəristiliktəchizat" ASC noyabrın 1-dən ölkənin ucqar rayonlarında, noyabrın 15-dən isə Bakı və ətraf ərazilərdə qış rejiminə keçidlə bağlı binalara istiliyin verilməsinə başlamalı idi.