BAKI, 15 noyabr — Sputnik. Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsi və dövlət sərhədində rejim qaydalarına riayət olunması üzrə həyata keçirilmiş əməliyyat-axtarış və qoşun tədbirləri nəticəsində sərhədboyu ərazilərdə gizlədilmiş odlu silahlar aşkar olunub.
Sputnik Azərbaycan Dövlət Sərhəd Xidmətinin məlumatına istinadla xəbər verir ki, noyabrın 12-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Şəmkir" sərhəd dəstəsinin xidməti ərazisində Ağstafa rayonunun Sadıxlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində yerləşən "Qarayazı" Dövlət Meşə qoruğunda kolların arasında gizlədilmiş halda 1 ədəd 20 mm-lik ov tüfəngi, ona məxsus 9 ədəd patron götürülüb.
Eyni zamanda "Şəki" sərhəd dəstəsinin xidməti ərazisində Oğuz rayonunun Fil-filli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində Qalaçay çayının sahilində qaya daşlarının altında gizlədilmiş istifadəyə yararlı 1 ədəd 1960-cı il istehsalı olan "TOZ-8" markalı yivli silah aşkar olunub.
Qeyd olunan faktlar üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.