Kamal Almuradlı, Sputnik Azərbaycan
BAKI, 15 noyabr — Sputnik. Sputnik Azərbaycan Mətbuat Mərkəzində "Yaradıcı gənclərin yeni milli kinonun istehsalında iştiraka marağını necə stimullaşdırmaq olar?" mövzusunda debat təşkil olunub. Dəyirmi masada Bakı Beynəlxalq Qısa Filmlər festivalının rəhbəri Fehruz Şəmiyev və kinorejissor Pərviz Həsənov iştirak ediblər.
Bildiyimiz kimi, bu yaxınlarda Bakıda bir neçə kino festivalı keçirilib. Bakı Qısa Filmlər Festivalı, DokuBaku festivalı artıq başa çatıb. Eyni zamanda Azərbaycanın Mədəniyyət Nazirliyi ən yaxşı senarilərin müsabiqəsini elan edib və yaxın vaxtlarda müsabiqəyə yekun vurulacaq. Bütün bu tədbirlər yaradıcı gənclərin yeni milli kino yaradıcılığında iştirakını stimullaşdırmağa imkan verirmi?
Yaxın vaxtlarda bizim kino sənətini nə gözləyir, bu sahədə hansı problemlər var və çıxış yolları nədir?
Bu suallara cavab tapmaq üçün adı çəkilən şəxslərə suallar ünvanladıq.
Fehruz Şəmiyev: "Vaxtilə Mədəniyyət Nazirliyinin gənclər üçün təşkil etdiyi "Bu meydan, bu ekran" layihəsi var idi. Qaydalara görə, oraya 35 yaşa qədər gənclər müraciət edirdilər. Çox heyf ki, hazırda o layihə yoxdur. İndiki dövrdə isə çəkilən filmlərin əksəriyyətinə baxdıqda gənclərin əsasən müstəqil şəkildə çəkdikləri filmlər və kommersiya filmləri nəzərə çarpır. Qeyd edim ki, həmin özəl şirkətlərdə də çalışanların əksəriyyəti gəncdir. Bu, bir tərəfdən, yaxşıdır. Ən azından, 90-cı illərdə itirilmiş Azərbaycan tamaşaçısını kinoteatrlara qaytaranlar, nə qədər də bayağı, aşağı səviyyəli desək də, məhz onlar oldu. Məsələnin digər tərəfi isə odur ki, bu filmlər ancaq ölkədaxili tamaşaçıya hesablandı və Azərbaycanı xaricdə ferstivallarda, kinoteatrlarda təmsil etmək gücündə olmadı. Dövlət hesabına çəkilən filmlərin isə çəkildikdən sonraki taleyi sual altında qaldı".
Pərviz Həsənov: "Mən başqa bir problemə fikri yönəltmək istəyirəm. Digər xarici dövlətlərin praktikasından istifadə edərək kinoya pul ayıran şirkətlərə vergi məsələsində dövlət güzəştə getməlidir. Bu, dünyanın hər yerində belədir. Bu, həm şirkətlər üçün faydalı olacaq, həm də yerli kinonun inkişafına təkan verəcək".
- Fehruz bəy, olmazdı ki, dövlət hesabına çəkilən filmlər üçün gələcəkdə mərkəz yaradılsın? Bu mərkəz ekran əsərlərinin xarici festivallarda, eləcə də daxili və xarici kinoteatrlarda nümayiş olunmasını təmin etsin? Kino bazarını araşdırsın?
- Bununla bağlı bildiyim qədərilə, bir neçə layihə hazırlanıb. Həmin layihədə milli kino mərkəzi, festivallarla iş qurumu, gənclər üçün təhsil və ustad dərsləri öz əksini tapır. Bu layihə təsdiqlənəcəkmi - bu haqda heç nə deyə bilmərəm. Sizin fikrinizlə tam razıyam ki, dövlət tərəfindən istehsal olunan filmlərin nümayişi, reklamı və gələcək taleyi haqda mütləq işlər görülməlidir. Bu yöndə media və televiziyanın dəstəyinə böyük ehtiyac var.
- Yeri gəlmişkən, son illərdə çəkilmiş yerli filmlərin televiziyada nümayiş olunması ilə bağlı da problemlər var. Yalnız keçmiş filmlər göstərilir. Bu nə ilə bağlıdır?
- Televiziyalarda bu yöndə vəziyyət biabırçıdır. Azərbaycan Professional Kinorejissorlar Gildiyası televiziyalarda yerli filmlərin nümayişi üçün bir saatına cüzi məbləğ - 60 manat tələb edir. Bu ödənişi etməmək üçün televiziyalar yeni filmlərdən imtina edir. Köhnə yerli filmlərə və xarici filmlərə üstünlük verirlər.
- Vaxtilə gənc kinematoqrafçıları özündə cəmləşdirən, onları təbliğ edən "Kino+" qəzeti var idi. İndiki dövrdə gənc həmkarlarınız üçün bu yöndə hansısa layihə nəzərdə tutulurmu?
- Doğru vurğuladınız, həmin dövrdə kino sahəsində çalışanların əksəriyyəti həmin qəzetdə toplaşmışdı və ya təbliğ olunurdu. İndi də bu yöndə ideyalarımız var. Çox güman ki, bu cür platforma - sayt və ya qəzet şəklində yaxın zamanlar üçün nəzərdə tutulur.