BAKI, 15 noyabr — Sputnik. Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə, Rusiyanın "S-400" zenit-raket sistemlərinə sahib olmağı özünün suveren hüququ hesab edir. O, bu açıqlamanı amerikalı həmkarı Donald Trampla danışıqlardan sonra Vaşinqtondan evinə gedərkən verib.
"S-400"dən tamamilə imtina etmək barədə tələbi doğru hesab etmirik. "S-400"dən tamamilə imtina edərək "Patriot"a (Amerika hava hücumundan müdafiə sistemləri) keçə bilmərik. Biz "Patriot" ala biləcəyimizi söylədik, ancaq onları aldığımız zaman "S-400"dən imtina edə bilmərik. Bu, bizim suveren hüququmuzdur", - deyə Ərdoğan Vaşinqtondan evə qayıdarkən təyyarədə jurnalistlərə bildirib.
Türkiyə prezidenti qeyd edib ki, ümumilikdə onun ABŞ səfəri pozitiv keçib və mövcud fikir ayrılıqlarını aradan qaldırmaq üçün dialoq lazımdır.
""F-35"lərdə (Amerika qırıcı təyyarələrinin tədarükü - red.) müsbət nəticə əldə etmək istəyirik. Bu dəfə Trampın bu mövzuya daha müsbət və konstruktiv yanaşdığını gördüm", - deyə türk lider bildirib.
"Seqodnya.ru" portalının baş redaktoru, hərbi şərhçi Yuri Kotyonok Sputnik radiosunun efirində bu bəyanatı şərh edib.
"Ərdoğan növbəti dəfə öz sarsılmaz mövqeyini nümayiş etdirir və bu, bir dövlətin öz iradəsini dünyada hər kəsə diktə etməyə çalışdığı bir şəraitdə ciddi hərəkətdir. Buna görə də zenit-raket sistemləri məsələsində ABŞ-ı birbaşa rədd edən Ərdoğanın mövqeyi, şübhəsiz, Türkiyə liderinə dividend qazandırır", - deyə Yuri Kotyonok bildirib.
Onun sözlərinə görə, Türkiyə rəhbərliyinin qarşısında çox çətin vəzifə dayanır.
"Türkiyə təkcə regional dövlət roluna iddia etmir, artıq strateji səviyyəyə çıxmağa cəhd edir. Və burada Ərdoğanın qarşısında çox çətin vəzifə dayanır - NATO üzvü qalmaqla Moskva ilə münasibətlər qurmaq. Bunun ABŞ-ın böyük narazılığına səbəb olduğunu görürük. Bu baxımdan, Ərdoğanın Vaşinqton səfərinin nəticələri və onu pozmaq cəhdləri kifayət qədər diqqətəlayiqdir. Ərdoğanın açıqlamaları ("S-400" haqqında - red.) göstərir ki, indiyə qədər onu sındırmaq mümkün olmayıb. Hərçənd unutmamalıyıq ki, amerikalıların Türkiyə rəhbərliyinə münasibətdə tətbiq edə biləcəyi geniş tədbirlər var. Və Türkiyənin bölgədəki müəyyən siyasi və hərbi-siyasi təxribatlara cəlb etmək cəhdlərinin olacağına hazır olmaq lazımdır", - Yuri Kotyonok əlavə edib.
Ərdoğanın ABŞ səfərindən kim qazanclı çıxacaq – politoloq şərhi>>
Ankaranın Vaşinqtonla münasibətlərində böhrana səbəb olan Rusiyanın "S-400" hava hücumundan müdafiə sistemlərinin tədarükü iyulun ortalarında başlayıb. Türkiyə "S-400"ün 2020-ci ilin aprel ayında tam istifadəyə veriləcəyini açıqlayıb. Vaşinqton Türkiyədən tələb edir ki, "S-400"lərlə bağlı sazişdən imtina etsin. Bunun müqabilində Ankaraya Amerikanın "Patriot" sistemləri təklif edilir. Əks təqdirdə, ABŞ Türkiyəni ona "F-35" qırıcı təyyarələrinin satışını təxirə salacağı və ya ləğv edəcəyi, habelə ona qarşı sanksiyaların tətbiq olunacağı ilə təhdid edir. Ankara isə güzəştə getməkdən imtina edib.