CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bundan sonra məhkəmələrin müqayisə imkanı olacaq: bir sifarişiniz işi tamam dəyişə bilər

Əvvəl məhkəmələrin müqayisəli təhlil aparması üçün şərait yox idi. Məsələn, tibbi məsələlərlə bağlı ekspertiza mərkəzi qərar verəndə adətən həkimlərin günahının olmaması ilə bağlı fikirlər irəli sürülürdü
Sputnik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 15 noyabr — Sputnik. Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli Fərmanının tələblərinə uyğun olaraq 11 qanuna dəyişiklik edilməsi nəzərdə tutulur.

Fərmanın icrası çərçivəsində hazırlanmış ikinci qanunvericilik paketi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb.

Qanun layihələri paketinə daxil olan mühüm istiqamətlərdən biri məhkəmə prosesi iştirakçılarının məhkəmə ekspertizasının aparılması ilə bağlı hüquqlarının genişləndirilməsidir.

Mingəçevirdə qan qusan uşağı həkimlər xilas edə bilmədilər: səbəbi dəhşət doğurur

Belə ki, təklif edilən dəyişikliklərə əsasən, yeni bir hüquqi institut – özəl məhkəmə ekspertizası institutu yaradılır, özəl məhkəmə ekspertizası fəaliyyəti ilə məşğul olmaq üçün irəli sürülən tələblər müəyyən edilir.

Layihəyə əsasən, mülki işlər, inzibati mübahisələr və inzibati xətalara dair işlər üzrə məhkəmə prosesinin iştirakçıları məhkəmə ekspertizası fəaliyyətini həyata keçirən dövlət orqanlarına və ya özəl məhkəmə ekspertlərinə öz təşəbbüsü ilə və öz hesabına ekspertizanın aparılmasını sifariş edə və həmin ekspertizanın nəticələrini məhkəməyə təqdim edə biləcək.

Məsələ ilə bağlı Sputnik Azərbaycan-a danışan hüquqşünas Səməd Vəkilov qeyd edib ki, alternativ ekspertiza mərkəzlərinin yaradılması təqdirəlayiqdir. Çünki bu günə qədər fəaliyyət göstərən ekspertiza mərkəzləri dövlətin nəzarətində olub.

"Bu isə Ədliyyə Nazirliyinin ekspertiza mərkəzi idi. İnkişaf etmiş Qərbi Avropa ölkələrində alternativ ekspertiza mərkəzləri fəaliyyət göstərir. Məsələn, Azərbaycanda tibbi ekspertiza Səhiyyə Naziriyinin nəzarətində olan Ekspertiza idarəsi idi. Lakin məhkəmələrin müqayisəli təhlil aparması üçün şərait yox idi. Bu da məhkəmələrin işi birtərəfli təhlil etməsinə gətirib çıxarırdı. Tibbi məsələlərlə bağlı ekspertiza mərkəzi qərar verəndə adətən həkimlərin günahının olmaması ilə bağlı fikirlər irəli sürülürdü. Lakin alternativ ekspertiza olanda və ya qanunvercilikdə alternativ ekspert rəylərinin təqdim olunması üçün imkanlar yaradıldıqda məhkəmə üçün müqayisə imkanları olacaq".

Vəkilov hesab edir ki, bu, məhkəmənin müstəqillik əmsalının artırılmasına səbəb olacaq:

"Qanun o zaman təsirli olur ki, onun tətbiqində qüsurlara yol verilməsin. Hesab edirəm ki, məhkəmə ekspertizalarına alternativ ekspertiza mərkəzlərinin yaradılması ilə bağlı verilən qərar çox müsbət hadisədir".

"Qanun xoşagələn olsa da, tətbiqi üçün bəzi problemlər var", - deyən hüquqşünas bildirib ki, bu sahədə çalışmaq üçün kadrlar çatışmır. Onun sözlərinə görə, hazırda ekspertiza ilə bağlı kadrlar Ədliyyə Naziliyinin orqanında çalışırlar, oradan çıxanlar isə təqaüddədirlər: "Buna görə də hesab edirəm ki, bu məsələ ilə bağlı ekspertlər çox deyil. Və bu sahədə kadrların yetişdirilməsi üçün Təhsil Nazirliyinə bu sahədə fakültələrin yaradılması ilə bağlı təkliflər irəli sürülməlidir.

Onlar dövlət orqanlarında çalışmasalar belə, özəl sektorda çalışa bilsinlər. Bu isə məhkəmələrin müstəqillik əmsalının artırılması deməkdir".