BAKI, 14 noyabr — Sputnik. Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində həyata keçirilib əməliyyat-axtarış və qoşun tədbirləri nəticəsində ölkə ərazisinə narkotik vasitələrin qeyri-qanuni gətirilməsinin qarşısı alınıb.
Sputnik Azərbaycan Dövlət Sərhəd Xidmətinin məlumatına istinadla xəbər verir ki, 10 noyabr tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Sım kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində keçirilmiş əməliyyat-axtarış və qoşun tədbirləri nəticəsində meşəlikdə gizlədilmiş 1 ədəd qara rəngli çanta aşkar olunaraq götürülüb.
Çantaya baxış zamanı ümumi çəkisi 24 kq 785 qram olan (13 kq 240 qr "heroin", 1 kq 535 qr "metamfitamin", 10 kq 10 qr "tiryək" və 1500 ədəd "metadon-40" həb) narkotik vasitələr aşkarlanaraq götürülüb.
Fakt üzrə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və nəticədə Astara rayonunun Sım kəndi yaxınlığında qeyd olunan narkotik vasitələri Azərbaycan Respublikasına gətirən İran İslam Respublikası vətəndaşı 1982-ci il təvəllüdlü Əzimi Əhməd Əmənulla saxlanılıb.
Qeyd olunan fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.