BAKI, 14 noyabr — Sputnik. Bu gün Ümumdünya Diabetlə Mübarizə Günüdür. Bununla əlaqədar olaraq BMT-nin baş katibi Antoniu Quterreş Ümumdünya Diabetlə Mübarizə Günü ilə əlaqədar olaraq müraciət ünvanlayıb.
Müraciətdə qeyd olunur ki, 420 milyondan çox insan diabetdən əziyyət çəkir. Müalicəsi olan və çox zaman qarşısı alına bilən bu xəstəlik, əsasən qeyri-sağlam pəhriz, fiziki fəaliyyətsizlik, eləcə də səhiyyə xidmətləri və dərman vasitələrinə çıxışın olmaması səbəbindən yaranır. Bundan əziyyət çəkənlərin əksəriyyəti aşağı və orta gəlirli ölkələrdə yaşayır.
O, müraciətində vurğulayıb: "Diabet sağlamlığa ziyan vurur, çoxlarının təhsil və məşğulluq arzularına kölgə salır, icmalara mənfi təsir edir və ailələri külli tibbi xərclər səbəbindən iqtisadi çətinliklər yaşamağa məcbur qoyur.
2030-cu ilə qədər diabet və digər qeyri-yoluxucu xəstəliklərə görə erkən ölüm hallarını üçdə bir dəfə azaltmağı öhdəsinə götürmüş ölkələr, bunu Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində həll etməyə çalışırlar".
"Xəstəliyin erkən aşkarlanması və səhiyyə xidmətlərinə çıxışın təmin edilməsi, eləcə də 2030-cu ilə qədər Ümumdünya səhiyyə xidmətlərinin təminatina nail olunması, diabetin profilaktikası və müalicəsi üçün həlledici əhəmiyyətə malikdir.
Ümumdünya Diabetlə Mübarizə Günündə, dünyada diabetdən əziyyət çəkən bütün insanlara öz dəstəyimi bildirir və sağlamlığa gedən yolda Birləşmiş Millətlər Təşkilatının hər kəsin ehtiyaclarının qarşılanması və rifahı naminə mübarizə apardığını bir daha bəyan edirəm", - deyə o əlavə edib.