BAKI, 13 noyabr — Sputnik. ABŞ Prezidenti Donald Tramp İrana qarşı 40 il əvvəl qəbul edilmiş sanksiyaların müddətini növbəti dəfə uzadıb.
Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, bu barədə ABŞ liderinin Konqressə ünvanladığı məktubda deyilir.
"Bizim İranla münasibətlərimiz hələ normallaşmayıb", - Tramp deyib.
O, 1979-cu ildə Tehranda tələbələrin ABŞ səfirliyini zəbt etməsindən sonra prezident Cimmi Karterin imzaladığı 12170 saylı icra sərəncamının vaxtını uzadıb. Bu sərəncam ABŞ-a İrana sanksiya və digər ölçülər tətbiq etmək, eləcə də bu ölkə ilə ticarəti tənzimləmək üçün geniş səlahiyyətlər verir. Sənəd xüsusilə ABŞ-ın yurisdiksiyasında olan istənilən sahədə İranın istənilən dövlət mülkiyyətinə sahibliyinə maneə yaradır.