MƏDƏNİYYƏT

Bələdiyyə teatrı "Nəsimi"ni təqdim etdi

Müəllif tamaşadan öncə giriş sözü ilə gələn qonaqları salamlayıb. Bu səhnə əsərinin ərsəyə gəlməsindən söhbət açaraq bildirib ki, "Nəsimi" tamaşası Bakı Bələdiyyə Teatrının yaranmasının 27-ci ilinə böyük töhfədir.
Sputnik

BAKI, 13 noyabr — Sputnik. Ötən gün Akademik Milli Dram Teatrının səhnəsində Bakı Bələdiyyə Teatrı 50-ci tamaşasını nümayiş etdirib.

Sputnik Azərbaycan xəbər verir ki, Xalq artisti, Bakı Bələdiyyə Teatrının yaradıcısı və rəhbəri olmuş Amaliya Pənahovanın vəfatından sonra ilk tamaşa, bu il 650 illiyi qeyd edilən dahi şair İmadəddin Nəsimiyə həsr olunub.

Bələdiyyə teatrı "Nəsimi"ni təqdim etdi

"Nəsimi" tamaşası Xalq yazıçısı İsa Hüseynovun (Muğanna) "Məhşər" romanının motivləri əsasında hazırlanıb. Tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur.

Əsərin səhnə variantının müəllifi Akademik Milli Dram Teatrının ədəbi hissə müdiri Çingiz Ələsgərlidir. Müəllif tamaşadan öncə giriş sözü ilə gələn qonaqları salamlayıb. Bu səhnə əsərinin ərsəyə gəlməsində söhbət açaraq bildirib ki, "Nəsimi" tamaşası Bakı Bələdiyyə Teatrının yaranmasının 27-ci ilinə böyük töhfədir.

Bələdiyyə teatrı "Nəsimi"ni təqdim etdi

Tamaşada Nəsimi obrazını Tural Əhməd, Nəimini - Əməkdar artist Aydın Əliyev, Fatma obrazını Əməkdar artist Hüsniyyə Mürvətova, Zəhra obrazını isə Zülfiyyə Qurbanova canlandırıb.

Xatırladaq ki, Bakı Bələdiyyə Teatrı 1992-ci ildə Xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarovun təşəbbüsü və rəhbərliyi ilə yaradılıb.

Ötən il Amaliya Pənahova dünyasını dəyişdikdən sonra keçən bir il ərzində Teatra onun ailəsi sahib çıxıb.