CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əhalimizin sayı azalır - Günahkar isə olmayan üçüncüdür

Əgər ailədə iki uşaq dünayaya gəlirsə, onların biri atanın, digəri isə ananın yerini tutur. Üçüncü uşaq nəsil artımı sayılır.
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 13 noyabr — Sputnik. Hazırda ölkəmizin əhalinin sayı 10 milyondan çox olsa da, Azərbaycanda əhalinin təbii artımı son 8 ildə azalmağa başlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Dövlət Statistika Komitəsinin statistikasında da əks olunub. Məlumatda bildirilir ki, 2011-ci ildə əhalinin təbii artımı 122310 nəfər olduğu halda, 2018-ci ildə bu rəqəm 81732 nəfər olub. Son 8 ildə ölkədə əhalinin hər 1000 nəfərinə düşən təbii artım əmsalı 13,5-dən 8,4-ə enib.

Azərbaycan əhalisinin artım faizi açıqlandı

Sputnik Azərbaycan-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova əhalinin təbii artımının azaldığını təsdiqləyib. O, bildirib ki, əhalinin təbii artımın azalması üç və daha çox uşaqlı ailələrin sayının azalması ilə bağlıdır: "Son illər Azərbaycanda 1 və 2 uşaqlı ailələrin sayı artıb. 3-4 və daha çox uşaqlı ailələrin sayı isə azalıb: "Ailələrin 1 və 2 uşağa üstünlük verməsinin səbəbləri müxtəlifdir. İlk səbəb reproduktiv sağlamlıqla bağlıdır. Bəzən qadınların sağlamlığı iki uşaqdan artıq övlad dünyaya gətirməyə imkan vermir. Eyni problem kişilərdə də müşahidə olunur. Digər səbəb isə ailə planlaması ilə bağlıdır. Ailələr əsasən iki uşağa üstünlük verirlər. Bu yanaşma uşaqların sağlam və təhsilli böyütmək istəyindən irəli gəlir. Daha bir səbəb kimi isə qızların gec ailə qurmasını göstərmək olar. Təhsil aldıqdan sonra karyera quran qızlar bir qədər gec ailə qururlar. 30-35 yaşda ailə qurduqda ailədə bir və yaxud da iki uşaq dünyaya gəlir".

A. Veysəlova təbii artım üçün ailədə ən azı üç uşağın doğulmasının vacib olduğunu söyləyir. Həmsöhbətimiz deyir ki, yalnız üçüncü uşaq nəsil artırıcı rolunu oynayır: "Əgər ailədə iki uşaq dünayaya gəlirsə, onların biri atanın, digəri isə ananın yerini tutur. Üçüncü uşaq nəsil artımı sayılır".

Orada yaşayan sakinlərin sayında da artım yoxdur – Dağ kəndində nələr olur

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkəmizdə təbii artım əmsalının aşağı düşməsindən narahat olmağa dəyməz: "Azərbaycanda əhalinin təbii artımı digər MDB ölkələri ilə müqayisədə müsbət həddədir. Məsələn, Macarıstanda əhalinin 1000 nəfərə düşən təbii artımı hər il 5 nəfər azalır. MDB-də əhali artımı ilə bağlı hələki ən yüksək hədd bizdədir. Azərbaycanda bir kvadrat kilometrə 142 nəfər düşür. Qazaxıstanda bu rəqəm 6. 2, Rusiyada 8.5 nəfər təşkil edir. Ölkəmizdə əhalinin 65 faizi 40 yaşına çatmayanlardı. Bu gün bizim təbii artımla bağlı demoqrafik problemimiz yoxdur. Əsas problem selektiv abortlara görə qız və oğlan uşaqları arasında yaranan disbalansdır. Bu bərabərsizlik də ortadan qalxsa, Azərbaycanda əhalinin təbii artımı ilə bağlı ciddi problem demək olar ki, qalmaz".

Qeyd edək ki, Azərbaycanda qadınların sayı 15 il əvvəl 51,9 faizi idisə, hazırda bu göstəricisi 50,1-dir. Azərbaycan dünyada doğumda oğlan uşaqlarına üstünlük verilməsinə görə Çindən sonra ikinci yerdədir. Hazırda bu istiqamətdə preventiv tədbirlərin gücləndirilməsi nəzərdə tutulur. Məlumat üçün bildirək ki, artıq Rusiyada əhalinin təbii artımı üçün stimullaşdırıcı tədbirlər görülür. Ailədə doğulan hər üçüncü uşaq üçün mükafat və güzəştər tətbiq edilir.