SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev və Mehriban Əliyeva Bakıda salınan yeni parkda ağac əkdilər - FOTO

Heydər Əliyev Fondunun “Təbiət naminə birləş, Həyat naminə birləş!” layihəsi Azərbaycanda minlərlə ağacın əkilməsini nəzərdə tutur
Sputnik

BAKI, 11 noyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 11-də Heydər Əliyev Fondu tərəfindən Bakının Xətai rayonunda salınan yeni “Gənclik” parkında “Təbiət naminə birləş, Həyat naminə birləş!” layihəsi çərçivəsində ağacəkmə aksiyasında iştirak ediblər.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən salınacaq yeni park barədə məlumat verərək dedi:

-Cənab Prezident, bura parkın ən hündür məntəqəsidir. Buradan bütün ərazi görünür. Parkın ərazisi 37,2 hektardır.

Prezident İlham Əliyev: Buradan gözəl mənzərə açılır.

İlham Əliyev və Mehriban Əliyeva Bakıda salınan yeni parkda ağac əkdilər - FOTO

Anar Ələkbərov: Elədir. Mehriban xanımın tapşırığına əsasən, biz buraları qoruyub saxlamışıq və çalışırıq ki, tezliklə bu parkı insanların istifadəsinə verək. Bu ərazinin yeni planı nəzərdə tutulub. Burada böyük, özü də sadə bir park olacaq.

Birinci xanım Mehriban Əliyeva: Təbii park.

Prezident İlham Əliyev: Bəli, təbii.

Anar Ələkbərov: İnsanların asudə vaxtlarının səmərəli təşkili üçün burada bütün şərait yaradılacaq.

Prezident İlham Əliyev: İdman meydançaları da.

Anar Ələkbərov: Əsasən idman meydançalarına, idman qurğularına üstünlük veriləcək. Burada insanların daha çox təbiət qoynunda idman etmələri üçün xüsusi zolaqlar, velosiped yolları, sadə pikniklər üçün yerlər olacaq. İnsanların vaxtlarını, bayramlarını burada keçirmələri üçün bütün imkanlar yaradılacaq.

İlham Əliyev və Mehriban Əliyeva Bakıda salınan yeni parkda ağac əkdilər - FOTO

Prezident İlham Əliyev: Çox yaxşı. Burada iaşə obyektləri də olmalıdır ki, vətəndaşlar gələndə onlardan istifadə edə bilsinlər.

Anar Ələkbərov: Elədir, cənab Prezident.

Prezident İlham Əliyev: Amma əlbəttə ki, bu təbii mənzərə qorunmalıdır. İndi burada yeni ağaclar əkilir.

Anar Ələkbərov: Bu gün 30 minə yaxın ağac əkiləcək. Sizin dəstəyinizə böyük ehtiyacımız var ki, biz bu parkı salaq və insanların istifadəsinə verək.

Prezident İlham Əliyev: Hesab edirəm ki, park qısa müddət ərzində tamamilə abadlaşdırılacaq və vətəndaşlar üçün burada gözəl imkanlar yaradılacaq.

Birinci xanım Mehriban Əliyeva: Suvarma sistemi necə olacaq?

Anar Ələkbərov: Artıq onu həll edirik. Bu gün ağacları əkirik deyə biz artıq Sizin göstərişinizlə suvarma sistemini də çəkdik. Amma təbii ki, burada əlavə işlər var. İşıqlandırma sistemlərinə yenidən baxılmalıdır. Xüsusi suvarma sistemləri qurulmalıdır. Onu təşkil edəcəyik.

Prezident İlham Əliyev: Burada zeytun ağacları da görürəm. Vaxtilə əkilib?

Anar Ələkbərov: Bəli, vaxtilə burada çoxlu zeytun ağacı olub, məhsul da yığılıb.

Prezident İlham Əliyev: İndi də əkmək lazımdır, əsasən zeytun və şam ağacları.

Anar Ələkbərov: Biz burada Eldar şamına da üstünlük veririk. Əvvəllər burada zeytun ağacları ilə bərabər, Eldar şamları da çox idi. Ona görə bu qaydada davam edəcəyik.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva parkda ağac əkdilər.

İlham Əliyev və Mehriban Əliyeva Bakıda salınan yeni parkda ağac əkdilər - FOTO

Dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Prezident İlham Əliyev Azərbaycan vətəndaşının sosial məsələlərinin həllini, onların sağlamlıqlarının qorunmasını prioritet məsələlərdən biri kimi müəyyənləşdirib. Bu istiqamətdə indiyədək çox sayda layihələr icra olunub. Bu layihələr sırasında əhalinin sağlam ekoloji mühitdə yaşaması məsələsinə də xüsusi diqqət yetirilir. Ölkəmizdə həyata keçirilən ekoloji siyasət nəticəsində yeni yaşıllıqların salınması, mövcudlarının qorunması ilə yanaşı, eyni zamanda, əvvəllər heç bir yaşıllıq olmayan sahələrdə də ağacəkmə aksiyalarının keçirilməsi Azərbaycanda ekoloji durumun yaxşılaşdırılmasına mühüm töhfələr verir, yaşıllıq zonalarının sahəsini artırır.

Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması üçün dövlət səviyyəsində həyata keçirilən layihələrə birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da xüsusi diqqət yetirir. Ölkəmizdə yeni yaşıllıqların salınmasında və mövcud yaşıllıq sahələrinin qorunmasında Fondun töhfəsi olduqca böyükdür. Bu məsələdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə ekoloji durumun daha da yaxşılaşdırılması, yeni yaşıllıqların salınması məqsədilə icra olunan layihələrin də mühüm rolu var. Bu baxımdan Heydər Əliyev Fondunun “Təbiət naminə birləş, Həyat naminə birləş!” layihəsi xüsusi əhəmiyyət daşıyır.

Aksiyada gənclər, rayon sakinləri, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri fəal iştirak etdilər.

Bakıda və respublikanın müxtəlif rayonlarında ağacəkmə aksiyalarının təşkilini nəzərdə tutan layihə ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə gənc nəslin diqqətinə çatdırır və onları ekoloji problemlərin aradan qaldırılması istiqamətində mübarizədə birgə fəaliyyətə səsləyir. Layihənin məqsədi, eyni zamanda, insanları nəcib təşəbbüslər ətrafında birləşdirməyə yönəlib. Dövlət Bayrağı bayramının qeyd edildiyi günlərdə və 12 noyabr - Konstitusiya Günü ərəfəsində təşkil olunan bu aksiya həm də vətəndaşların ölkə üçün vacib layihə ətrafında birləşməsi ilə yadda qaldı.

Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ağacəkmə aksiyasının iştirakçıları ilə görüşüb söhbət etdilər. Sonda xatirə şəkilləri çəkdirildi.