RUSİYA

Avrasiyanın "divi" oyandı

"İnfraqırmızı diapazonda kraterin üzərində zəif işıq sezilirdi, yalnız noyabrın 11-nə keçən gecə işıq optik diapazona keçdi, bu isə təzə lavanın çıxması deməkdir"
Sputnik

BAKI, 11 noyabr — Sputnik. Kamçatkada Avrasiyanın fəaliyyətdə olan ən hündür Klyuçevski vulkanında zirvə püskürməsi başlayıb.

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyası Vulkanologiya və Seysmologiya İnstitutundan məlumat verilib.

"Noyabrın 11-nə keçən gecə 3 illik səssizlikdən sonra Klyuçevski kraterində qaynar materialın axıntısı müşahidə olunub. Demək olar ki, zirvə püskürməsi başlayıb", - Klyuçevski vulkan stansiyasının rəhbəri Yuri Demyançuk deyib.

Onun sözlərinə görə, son aylarda mütəxəssislər ara-sıra kül püskürmələri və vulkanik titrəyişləri qeydə alırdlılar.

"İnfraqırmızı diapazonda kraterin üzərində zəif işıq sezilirdi, yalnız noyabrın 11-nə keçən gecə işıq optik diapazona keçdi, bu isə təzə lavanın çıxması deməkdir", - Y.Demyançuk bildirib. O izah edib ki, krater dərin olduğundan lava hələ onun qırağına çatmayıb.

Klyuçevski vulkanı - stratovulkandır, düzgün konusa malikdir, zirvə kraterinin diametri 700 m-dir. Yamaclarında 500-3600 m hündürlükdə 80 əlavə partlayış krateri və şlak konusları mövcuddur. Vulkanın hündürlüyü 4750 m, yaşı təxminən 7 min ildir.

Vulkan Kamçatka çayının sağ sahilində, Petropavlovsk-Kamçatka şəhərindən 360 km aralıda yerləşir.