MƏDƏNİYYƏT

Esmeraldanın faciəsi, Parisin od tutan tarixi və Bakıda səslənən Ginnes rekordçusu - FOTO

Tamaşada “Notre-Dame de Paris” müziklına görə Ginnesin “Rekordlar” kitabına düşən Riçard Konçiantenin və dünya şöhrətli bəstəkarların - Rixard Ştraus, Tomaso Albinoni, Jorj Bize, Samuel Barberin əsərləri səslənəcək
Sputnik

BAKI, 10 noyabr — Sputnik. Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 110-cu mövsümün ilk premyerası - böyük fransız yazıçısı, dramaturq Viktor Hüqonun "Paris Notr-Dam kilsəsi" romanının motivləri əsasında librettosu və quruluşu gənc rejissor Samir Qulamova məxsus olan "Paris Notr-Dama ithaf" tamaşası təqdim olunacaq.

Sputnik Azərbaycan-a teatrdan verilən məlumata görə, tamaşa noyabrın 14-ü və 15-də saat 19:00-da göstəriləcək.

Esmeraldanın faciəsi, Parisin od tutan tarixi və Bakıda səslənən Ginnes rekordçusu - FOTO

İdeya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev olan bu tamaşa bəşəriyyətin ən nadir tarixi memarlıq incisi, Avropanın əzəmətli simvollarından biri Paris Notr-Dam kilsəsində 2019-cu ilin 15 aprelində baş vermiş yanğın hadisəsinə ithaf olunub.

Səhnə əsərinin süjet xəttinin mərkəzində fransız ədəbiyyatında tarixi roman janrının zirvəsi hesab olunan Viktor Hüqonun 1831-ci ildə qələmə aldığı “Paris Notr-Dam kilsəsi” romanının ölməz qəhrəmanları dayanır. Əsas qayəsində xeyirxahlıq, təmənnasız sevgi və mərhəmət hisslərinin təcəssümü əks olunan məşhur əsər indiyə qədər dünyanın bir çox adlı-sanlı teatr məkanlarında, müxtəlif rejissorların yozumlarında "Paris Notr-Dam kilsəsi” və ya "Notr-Damlı Qozbel" adları ilə dəfələrlə səhnələşdirlib.

Tamaşada “Notre-Dame de Paris” müziklına görə Ginnesin “Rekordlar” kitabına düşən Riçard Konçiantenin və dünya şöhrətli bəstəkarların - Rixard Ştraus, Tomaso Albinoni, Jorj Bize, Samuel Barberin əsərləri səslənəcək.

Tamaşanın quruluşçu dirijoru və orkestrləşdirmənin müəllifi Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər – Zakir və Yelena Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, səhnə tərtibatçısı gənc rəssam Vüsal Rəhim, musiqi mətnlərinin müəllifi Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, şair İlqar Fəhmi, dirijoru Səməd Süleymanlı, konsertmeyster Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur.

Səhnə əsərində rolları Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artistlər - Nadir Xasıyev, Səidə Şərifəliyeva, aktyorlar – Mehriban Zalıyeva, Aydan Həsənova, Əmrah Dadaşov, Nicat Əli, İbrahim Əlizadə, Emin Zeynallı, Hidayət Əliyev, Elxan İsmayılov, Hüseyn Əlili, Əliməmməd Novruzov, Səmədzadə Xasıyev, Şaban Cəfərov, Telnaz Hüseynova, Murad Əliyev, Fərid Rzayev, Eleanora Mehdiyeva, Zaur Əliyev, Əli Kərimov və başqaları ifa edəcəklər.