RUSİYA

Putin bu qəbildən olan insanlara maksimal sərbəstlik istədi

Vladimir Putinin fikrincə, süni intellekt texnologiyaları yöndəmsiz bürokratiya maşınının öhdəsindən əla gələr
Sputnik

BAKI, 9 noyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin süni intellekt sahəsində startap yaradıb bazara qabaqcıl məhsul çıxaran hər bir kəsə maksimal sərbəstlik yaratmağa çağırıb.

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, bunu Rusiya lideri süni intellektə həsr olunmuş "Artificial Intelligence Journey" konfransında deyib.

"Kosmosa çıxış kimi, bu da bilinməyən bir sahəyə addımdır, bu, xüsusilə bütün sivilizasiya üçün bünövrə və sıçrayış ola biləcək güclü süni intellektin inkişafına da aiddir", - Putin bildirib.

Onun sözlərinə görə, bu, istedadlı və həvəsli insanlar üçün cəsarətli çağırışdır: "Biz startap yaradan, risk edən, bazara qabaqcıl məhsullar çıxaran hər bir kəsə maksimal yaradıcılıq, işgüzar təşəbbüs azadlığı, rahat, mehriban ab-hava yaratmalıyıq", - prezident vurğulayıb. O əlavə edib ki, bu insanlar lazımlı olduqlarına, Rusiyada dəstək alacaqlarına əmin olmalıdırlar. 

V.Putin həmçinin süni intellektin potensialından istifadə etməyə qadir proqramçıların, riyaziyyatçıların, kompüter linqvistlərinin sayının artırılmasının vacibliyini qeyd edib. 

Onun fikrincə, süni intellekt texnologiyaları yöndəmsiz bürokratiya maşınının öhdəsindən əla gələr.