MƏDƏNİYYƏT

Xalq artisti hədəfini açıqladı: “Özünüz canlı görəcəksiniz”

Operamızın ulduzu rəhbərlik etdiyi məktəbdə heyəti genişləndirərək orkestr yaratmaq niyyətinin olduğunu açıqlayıb
Sputnik

BAKI, 9 noyabr — Sputnik. Noyabrın 8-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Ə.Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbi Azərbaycan Respublikası Dövlət Bayrağı Gününə həsr olunan "Yeni nəfəs" adlı konsert proqramı təqdim edib.

Konsert təhsil müəssisəsinin şagirdləri və müəllim heyətinin ifaları ilə yadda qalıb. Həmçinin, məktəbə yeni direktor təyin edilmiş Azərbaycan Respublikasının Xalq artisti Fidan Hacıyeva öz ifası ilə azyaşlı şagirdlərə dəstək olub.

Tədbir haqda öz fikirlərini Sputnik Azərbaycan-la bölüşən Fidan Hacıyeva gənclərlə işlədiyinə görə məmnunluq hissi keçirdiyini bildirib: "İlk olaraq bu gözəl gündə - Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunan konsertdə bizimlə birgə olan hər bir şəxsə minnətdaram. Məktəbimizdə müəllimlərdən ibarət xalq çalğı alətləri və instrumental ansambl yaradılıb. İstəyimiz bu ansamblı tanıtmaqdır. Gələcəkdə heyəti genişləndirərək orkestr yaratmaq niyyətimiz var. Məktəbimizdə baş verəcək bu tip yenilikləri gələcək konsertlərimizdə də canlı görə biləcəksiniz. Ümumiyyətlə, istedadlı tələbələrə dəstək olmaq lazımdır. İstedadsızlar zatən özlərinə yol tapacaqlar".

Fidan Hacıyeva: "Televiziya və radioda xalqın zövqünü korlamaq olmaz">>

Artıq növbəti konsertin hazırlıqlarına start verdiklərini söyləyən Azərbaycan opera səhnəsinin ulduzu Yeni ildə də möhtəşəm konsert proqramı ilə çıxış edəcəklərini vurğulayıb.

Qeyd edək ki, Xalq artisti Fidan Hacıyeva bu ilin sentyabr ayında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinə direktor təyin edilib.