CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gümüşü könüllülər - ən stressiz iş yerindən Reportaj

"Gümüşü DOST" təqaüdə çıxmış yaşlı təbəqənin asudə vaxtlarının dəyərləndirilməsi və cəmiyyətə yenidən inteqrasiyasını təmin edən alt proqramdır. Proqramın adı isə insanların yaşlandığı zaman saçının rənginin dəyişərək gümüşü rəng alması ilə bağlıdır
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 8 noyabr — Sputnik. Pensiya yaşına çatmaq heç də cəmiyyət üçün yararsız olmaq demək deyil. Artıq bir çox ölkələr bu şüarı rəhbər tutaraq təqaüdçüləri işə cəlb edir, onlardan dövlət büdcəsi üçün müəyyən fayda əldə edirlər. 

Əlbəttə, büdcə ilə yanaşı, burada digər başlıca amil həmin şəxslərin iş qabiliyyətlərinin zəifləməsinin, özlərini zaman keçdikcə "yaşlıyam" deyib yararsız hiss etmələrinin qarşısını almaqdır.

Azərbaycanda da pensiyaçıların aktivliyinin təminatı üçün müəyyən layihələr gerçəkləşdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi" (DOST) bu cür şəxslərə xüsusi qayğı ilə yanaşır. Onların bilik və bacarıqlarının artırılması üçün müxtəlif vaxtlarda maraqlı layihələr icra olunur. Bu proqramlara "Üçüncü bahar" və artıq bir neçə aydır ki, icra olunan "Gümüşü könüllülər"i də misal olaraq göstərmək olar.

Gümüşü könüllülər - ən stressiz iş yerindən Reportaj

Belə proqramlarda məqsəd pensiya yaşına çatmış şəxslərin aktiv həyat tərzinin təmin olunmasına dəstəkdir.

Bu gün DOST-un ən aktiv işçiləri sırasında "Gümüşü könüllülər"in də adı var desək, yanılmarıq. Sputnik Azərbaycan gümüşü könüllülərlə, onların işi ilə tanış olub.

Həmsöhbətimiz, 1956-cı il təvəllüdlü İradə Abbasova ixtisasca əmtəəşünasdır. Onun ikinci ixtisası isə psixoloqdur. 20 illik iş stajı olan İ.Abbasova 45 yaşından etibarən işləmir. O, vətəndaşlara növbələrin verilməsi, növbələrin tənzimlənməsi, bir sözlə, vətəndaş məmnuniyyətinin yüksəldilməsi işlərinə dəstək vermək üçün DOST kollektivi ilə birgə çalışır: "O zamanlar mağazada malların istifadə müddətlərinə nəzarət edirdim. Mağazada olan bütün malların üzərində yazılan tarixləri yoxlayırdım. Övladlarım olandan sonra işdən uzaqlaşmalı oldum, artıq 20 ildir ki, iş mühitindən kənarda idim. Bu müddətdə 3 övladımı böyüdərək onlara ali təhsil vermişəm, peşə sahibi olublar".

Gümüşü könüllülər - ən stressiz iş yerindən Reportaj

"Əvvəllər psixoloq kimi çalışmışam. İndi isə yalnız balaca, şıltaq nəvəmin psixoloquyam", - deyə o əlavə edir.

İ.Abbasova 1 saylı DOST Mərkəzində "gümüşü könüllü" kimi işə başlamasından danışır: "Bir müddət öncə "Üçüncü bahar" layihəsinə qatılmışdım. O da sırf pensiyaçılar üçün nəzərdə tutulmuşdu. Bu layihə çərçivəsində biz toxuculuq, rəsm, musiqi, hətta dil kurslarına da qatılırdıq. Tez-tez kinoya gedirdik. Bütün bunlar bizim üçün pulsuz idi. Daha sonra isə "Könüllü dost" və "Üçüncü bahar" layihəsinin birgə təşkilatçılığı ilə "Gümüşü könüllü" proqramına start verildi. Mən də bu proqrama qatıldım. Bu müddətdə bizi müxtəlif gəzintilərə də aparıblar. Ekskursiya üçün Bakının kəndlərinə getmişik".

"DOST tərəfindən bizim kimi "gümüşü könüllülər"lə iki aylıq müqavilə bağlanır. Artıq ay yarımdır ki, burada çalışıram, işimdən məmnunam. Kollektivə çox öyrəşdiyim üçün düşünürəm ki, iki aylıq müqavilə müddəti bitdikdən sonra könüllü kimi çalışmaq üçün yenidən müraciət edəcəyəm", - deyə o əlavə edir.

Gümüşü könüllülər - ən stressiz iş yerindən Reportaj

İxtisasca psixoloq olduğu üçün vətəndaşları, xüsusən də yaşlıları və fiziki məhdudiyyəti olan şəxsləri başa düşmək onun üçün çox asandır. 

Onların iş saatları isə yaşlarına görə heç də ağır deyil. “Gümüşü DOST” alt proqramı üzrə könüllülər həftənin beş günü 4 saat olmaqla 2 növbədə fəaliyyət göstərirlər. Bu könüllülərin gündəlik xərclərini qarşılamaq məqsədi ilə hər ay üzrə müəyyən məbləğdə maddi vəsait ödənilir. Lakin konfidensiallıq üçün bu məbləğin qədəri açıqlanmır.

"Gümüşü könüllü" olan digər həmsöhbətimiz Səricə Məmmədova isə 65 yaşındadır. O, uzun müddət tibb müəssisələrində çalışıb, pensiyaya çıxdıqdan sonra isə "Gümüşü könüllü" proqramına görə 1 saylı DOST Mərkəzinə müraciət edib. Onun da işi İ.Abbasova ilə eynidir.

Gümüşü könüllülər - ən stressiz iş yerindən Reportaj

S.Məmmədova hazırda "Gümüşü könüllü" proqramının 4 təqaüdçüsündən biridir. Qeyd edək ki, "Gümüşü könüllü" proqramına qoşulanların 3-ü qadındır.  "Gümüşü könüllü" məzunlarının sayı isə 9 olub.

Belə qənaətə gəlmək olar ki, artıq pensiya yaşına çatmış şəxslər "Gümüşü könüllü" proqramına müraciət etməklə bir daha cəmiyyət üçün nə qədər yararlı olduqlarını göstərə biləcəklər.

Gümüşü könüllülər - ən stressiz iş yerindən Reportaj

Qeyd edək ki, “Gümüşü DOST” təqaüdə çıxmış yaşlı təbəqənin asudə vaxtlarının dəyərləndirilməsi və cəmiyyətə yenidən inteqrasiyasını təmin edən alt proqramdır. Proqramın adı insanların yaşlandığı zaman saçının rənginin dəyişərək gümüşü rəng alması ilə bağlıdır.

DOST tərəfindən əhalinin yaşlı təbəqəsinin işə təşviqini, onların da özlərini cəmiyyətin vacib bir üzvü kimi hiss etməsini nəzərdə tutan bu proqram işçi deyil, yalnız agentlik üçün könüllü yetişdirir və bununla bağlı olaraq hansısa şirkətdən DOST-a müraciət daxil olmur.