Kəmalə Əliyeva, Sputnik Azərbaycan
BAKI, 8 noyabr — Sputnik. Bu gün Azərbaycanın Xalq artisti, xalq tərəfindən sevilən aktrisa Amaliya Pənahovanın ölümündən bir il ötür. Bununla əlaqədar olaraq, onun doğmaları, həmkarları, yaratdığı Bakı Bələdiyyə Teatrının kollektivi əfsanəvi aktrisanın qəbrini ziyarət ediblər.
Sputnik Azərbaycan-ın məlumatına görə, Amaliya Pənahova uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib. O, bu faktı ictimaiyyətdən gizlədib və heç kəsə özünün ağır xəstə olduğunu bildirməyib. Yalnız vəfat edəndən sonra ictimaiyyət onun xəstəliyindən xəbər tutub. Aktrisanın istəyi ilə o, həyat yoldaşı, Xalq artisti Yusif Muxtarovun yanında dəfn edilib.
Amaliya Pənahovanın anım günündə onunla bağlı xatirələrini bölüşmək istəyənlərin sayı çox idi. Onların heç biri göz yaşlarını saxlaya bilməyib. İlk çıxışı onunla eyni kursda oxumuş aktyor və rejissor, Azərbaycanın Əməkdar artisti Elxan Qasımov edib.
"Amaliya bütün Azərbaycanın sevimlisi idi. Bütün rejissorlar onunla işləmək istəyirdilər. Fəxr edirəm ki, onunla tanış olmuşam, bir yerdə oxumuşam, işləmişəm. Bizim həmişə dost münasibətlərimiz olub. Onun ölümü hamımızı sarsıdıb. Hamı ağlayırdı, ancaq özü əsla ağlamırdı. Son günə qədər güclü, cəsarətli idi. Xəstəliyinə baxmayaraq, həmişə formada olurdu", - Qasımov deyib.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, Azərbaycanın xalq artisti Azərpaşa Nemətov da bildirib ki, o, nəinki Pənahova ilə birlikdə oxuyub, sonra onların çoxlu birgə layihələri olub. Nemətovun sözlərinə görə, aktrisa "Azdrama"dan çıxandan sonra Bakı Bələdiyyə Teatrını yaratmaq üçün böyük əmək sərf eləmişdi.
"Ölümünə bir neçə gün qalmış o, Akademik Milli Dram Teatrını ziyarət eləmişdi. Biz onunla görüşdük, üç gün sonra onun vəfat etdiyini öyrəndim. Bu, mənim üçün şok oldu, çünki ağrıdığını heç vaxt büruzə vermirdi", - deyə Nemətov bildirib.
Amaliya Pənahova Xalq artisti Nurəddin Mehdixanlının təkcə həyatında deyil, karyerasında da əhəmiyyətli rol oynayıb. O, öz çıxışına "hər kəs adamlara sağlığında qiymət verməli, bir-birini həyatda ikən sevməlidir, öləndən sonra bu, heç nəyi dəyişməyəcək" sözləri ilə başlayıb. Aktyor Pənahova ilə "Unuda bilmirəm" tamaşasında oynadığı debüt rolunu xatırladıb və deyib ki, məhz bu rolu ona uğur gətirib. O, əmindir ki, təkcə onun tərəf-müqabilinin xalq artisti olması sayəsində tamaşaçılar onu qəbul ediblər və aktyor kimi seviblər.
"O mənə dəfələrlə kömək edib. Mən bütün bunları unuda bilmərəm. Amaliya Pənahova təkcə mənə deyil, digər aktyorlara da həmişə kömək etməyə və onların problemini həll etməyə hazır idi. O, həmişə öz həmkarlarına qarşı diqqətli idi. "Azdrama"dan çıxandan sonra o, öz teatrını yaratdı və ona bütün ömrünü həsr elədi. Heç kəs onu xəstə görmədi. Amaliya xanım digər aktyorlar kimi müxtəlif verilişlərə çıxaraq öz xəstəliyini bəyan eləmirdi. O, necə qürurla yaşamışdısa, elə qürurla da həyatdan köçdü. Xəstəlik onu sındırmadı. Düşünürəm ki, onun gözəlliyi və unikallığı da onda idi", - deyə Mehdixanlı bildirib.
Tədbirdə Amaliya Pənahovanın qəbirüstü abidəsinin müəllifi, xalq rəssamı, professor Natiq Əliyev də çıxış edib. Onun sözlərinə görə, xalq artistinin ailəsi onun ölümündən qırx gün sonra ona bu abidə ilə bağlı müraciət etmişdi. Heykəlin üzərində bir qədər zəhmət çəkmək lazım idi, çünki ümumxalq sevgisini qazanmış insan üçün abidə yaratmaq həmişə çətindir.
"Mən bir neçə eskiz hazırladım. Abidə üzərində iş dünənə qədər davam edib, hər gün Amaliya Pənahovanın övladlarının xahişi ilə onda hansısa dəyişikliklər edilib. Düşünürəm ki, abidənin yekun variantı çox uğurlu alınıb", - Əliyev deyib.
Xalq artistinin qızı, hazırda Amaliya Pənahovanın övladlarından biri sayılan Bakı Bələdiyyə Teatrına rəhbərlik edən Aynur Muxtarova çıxış edərkən göz yaşlarını saxlaya bilməyib. Tədbiri aktrisanın oğlu İlqar Muxtarov bağlayıb.
"Anasız yaşamaq çox çətindir. Bu ağrını sadəcə sözlərlə ifadə etmək mümkün deyil", - deyə Xalq artistinin oğlu bildirib. O, bu ağır günlərdə onların ailəsinə dəstək verdiklərinə görə Prezident İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban Əliyevaya, Mədəniyyət Nazirliyinə, həmçinin digər dövlət müəssisələrinə təşəkkürünü bildirib.
Amaliya Pənahova SSRİ Dövlət mükafatı laureatı, "Şöhrət" və "Şərəf" ordenlərinin sahibi, Avropanın əməkdar elm və mədəniyyət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, sənətşünaslıq elmləri doktoru olub. 1964-cü ildən bu günədək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradıb, eyni zamanda rejissor kimi 20-dək tamaşa səhnəyə qoyub.