CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Masallıdakı qəribə daş tariximizə nəsə verə bilərmi - Qərarı Dövlət Xidməti verəcək

Başdaşının araşdırılması üçün Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Masallı rayon Mərkəzinə müraciət edilib
Sputnik

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 7 noyabr — Sputnik. Masallı rayonunun Təklə kəndi ərazisində qəribə başdaşı tapılıb. Təklə kənd sakini Vəzir Hüseynovun Sputnik Azərbaycan-a verdiyi məlumata əsasən, o, başdaşını sahibi olduğu ərazidə şumlama işləri gördürərkən aşkar edib. Daşın üzərində xaç işarəsi yonulub.

Təklə kənd tam orta məktəbinin tarix müəllimi Fariz Əliyevin bildirdiyinə əsasən, qədimdə kənd ərazisində molokanlar yaşayıblar: "XIX əsrin əvvəllərində molokanlar kütləvi şəkildə Azərbaycan ərazisində köçürülüb. Kəndimizin ərazisində də molokanlar yaşayıblar. Üzərində xaç işarəsi yonulmuş bu başdaşının da ərazidə yaşamış molokanlara aid olması ehtimal olunur. Bundan əvvəl kəndimizdə belə bir daş tapılmamışdı. Qədimdə bu ərazidə maldarlıqla məşğul olunub. Yaxınlıqda isə bizim babalarımızın dəfn olunduğu köhnə qəbristanlıq var. Tapılan bu başdaşı isə köhnə qəbiristanlıqdan uzaqlıqda tapılıb. Yəqin ki, müsəlman qəbri olmadığı üçün ayrı yerdə salınıb".

Masallıdakı qəribə daş tariximizə nəsə verə bilərmi - Qərarı Dövlət Xidməti verəcək

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin Arxeologiya Şöbəsinin müdiri Mais Cəfərovun Sputnik Azərbaycan-a bildirdiyinə əsasən, bu qəbir daşı çox qədim deyil və ötən əsrin 20-30-cu illərinə aiddir.

"Belə qəbir daşları Lənkəran rayonundakı "Rus qəbristanlığı"nda çoxluq təşkil edir. Bu maddi-mədəni tapıntı olsa da tarixi abidə sayılmır. Çünki bu daşın üzərində oyulmuş xaç işarəsindən başqa heç bir yazı yoxdur. Daha dəqiq desək, bu təsadüfi aşkar edilən epiqrafik tapıntıdır və bu başdaşı molokanlara aiddir".

Masallıdakı qəribə daş tariximizə nəsə verə bilərmi - Qərarı Dövlət Xidməti verəcək

Masallı Rayon Tarix Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva Sputnik Azərbaycan-a bildirib ki, tapılan başdaşı köçəri tayfa sakininə də aid ola bilər: “Həmin başdaşı mişardaşından hazırlanıb. Yerlilərin dediklərinə görə, qədimdə yerli sakinlər dəfn edilərkən başdaşı hazırlanmasında mişardaşlarından istifadə edilməyib. Yəqin ki, hansısa bir köçəri tayfa nümayəndəsi bu ərazidən keçərkən dünyasını dəyişib və ehtimal olunur ki, başdaşı da onunla bərabər gətirilib və həmin yerdə dəfn edilib. Həm də bu tapıntı yeni dövrə aiddir, çox qədim dövrlərə aid deyil”.

Ə.Tağıyeva yeni tapıntı haqqında artıq müraciət edildiyini də vurğuladı: “Başdaşının araşdırılması üçün mən Mədəni İrsin Qorunması, İnkişafı və Bərpa üzrə Dövlət Xidmətinin Masallı rayon Mərkəzinə müraciət etmişəm. Mərkəzdən də Mədəniyyət Nazirliyinə və arexoloqlara bu tapıntı haqqında bildirəcəklər. Çünki həmin ərazilərdə orta əsrlərə aid bir çox maddi-mədəni nümunələr tapılıb”.

Əlavə edə ki, kənd sakinləri bundan əvvəl əkin sahələrində orta əsrlərə aid gil qablar, çıraq, bəzək əşyaları və nizə ucluqları da aşkar ediblər.