İQTİSADİYYAT

Vergi borcu olduqda banklar niyə bütün hesaba blok qoyurlar

Bu bankların proqram təminatından asılı məsələdir. Daha ciddi şəkildə bu məsələnin üzərinə düşərək elə bir proqram təminatı qurulmalıdır.
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 6 noyabr — Sputnik. Bu gün bank sisteminin əsas problemlərindən biri də nəzərdə tutulan müddətdən sonra vergi borcunu ödəyə bilməyənlərin bank hesablarına sərəncam qoyulmasıdır. Bankların nəzərdə tutulan vəsaitə deyil, bütün vəsaitə sərəncam qoyması, hansısa əməliyyatın icrasında yaranan maneələr isə müştərilər arasında narazılığa səbəb olur.

Bunun üçün nə edilməlidir sualına cavab olaraq iqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında proqram təminatı ilə bağlı bir sıra işlərin görülməsinə ehtiyac olduğunu bildirib:

"Əslində bu məsələ texniki problem olaraq qalır. Bu bankların proqram təminatından asılı məsələdir. Daha ciddi şəkildə bu məsələnin üzərinə düşərək elə bir proqram təminatı qurulmalıdır ki, vətəndaşların hüququ pozulmasın və banklar da öz funksiyalarını yerinə yetirə bilsinlər. Nəzərdə tutulan məbləğə blok qoyula bilər".

O vurğulayıb ki, vergi borcuna görə hesaba tamamilə blok qoyulması düzgün deyil: "Hazırda banklarda proqram təminatının yenilənməsi ilə yanaşı, onlayn bankinq anlayışının daha da geniş yayılmasına ehtiyac var".