CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bəhram Bağırzadədən maraqlı təklif: "Birliyimizi və sevgimizi bu yolla bildirək"

Təbii ki, dövlət səviyyəsində bu bayram möhtəşəm şəkildə qeyd olunacaq. Təklif edirəm ki, Bakıdan ucqar dağ kəndinə qədər həmrəy olaraq şəxsən bu bayramda iştirak edək.
Sputnik

BAKI, 6 noyabr — Sputnik. Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadə maraqlı təklif irəli sürüb. Sputnik Azərbaycan xəbər verir ki, aktyor bu haqda öz "İnstagram"profilində paylaşım edib. O bildirib ki, bir neçə ay öncə Azərbaycan Demokratik Cümhuriyyətinin yaranması günü münasibəti ilə şəhəri bayraqla bəzəməyi təklif edib: "Bildiyiniz kimi cümhuriyyətimiz şərqdə ilk demokratik respublikadır. Biz daim ilklərə imza atmışıq – elmdə, mədəniyyətdə, siyasətdə, qadın hüquqlarında.

B. Bağırzadə daha sonra Bayraq günü ilə bağlı təklifini qeyd edib: "Təbii ki, dövlət səviyyəsində bu bayram möhtəşəm şəkildə qeyd olunacaq. Təklif edirəm ki, Bakıdan ucqar dağ kəndinə qədər həmrəy olaraq şəxsən bu bayramda iştirak edək. Azərbaycan bayrağını eyvandan, pəncərədən, avtomobildə, avtobusda bir sözlə hər yerdə asın. Ölkə bizim bir olmağımız deməkdir. Birliyimizi və sevgimizi bu yolla bildirək."

Qeyd edək ki, 2009-cu ildən etibarən noyabr ayının 9-da "Bayraq günü" rəsmi dövlət bayramı kimi keçirilir. Bayramın qeyd olunma tarixi isə 1918-ci ilin 9 noyabrında AXC(Azərbaycan Xalq Cümhuriyyəti) tərəfindən Azərbaycan bayrağının dövlət bayrağı kimi qəbul edilməsi əsasında təyin edilmişdir.