Qara həsrət azərbaycanlıların Kazbek sınağı - FOTO

Problemli situasiya ilə üzləşmiş insanların təbii ehtiyaclarını ödəməsi üçün normal sanitar qovşaqların yoxluğu əzabları bir az da artırıb
Sputnik

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 4 noyabr — Sputnik. Gürcüstanı Rusiya ilə birləşdirən Kazbek dağ yolunun qarla örtülməsi iki ölkə arasında gediş-gəlişin tez-tez məhdudlaşdırılmasına səbəb olur.

Sputnik Azərbaycan bildirir ki, noyabrın ilk günlərində Qafqaz dağlarına düşən güclü yağıntı sərt dağ keçidinin bağlanmasına səbəb olub. Polis postunda avtomobillərin dayandırılması əmri verilib. Gecə saatlarında bağlanan yol noyabrın 2-də yoltəmizləyənlərin köməkliyi ilə açılıb. Saat 14 radələrində yolda hərəkət bərpa edilib. 

Soyuqda gözləmək az imiş kimi, digər xoşagəlməz hallar da müşahidə olunub. Belə ki, yolun açılması üçün görülən tədbirlər uzun vaxt aparıb. Texnikanın hərəkətində operativlik təmin edilməyib. Gömrük keçid məntəqəsindən buraxılan avtomobillərin sərnişinləri axşam saat 18-dən böhranlı əraziyə daxil olsalar da, oradan növbəti günün ortasında, yəni gündüz saat 14 radələrində hərəkətə başlaya biliblər.

Yolçuların rahatlığında da çətinliklərin olduğu müşahidə edilib. Problemli situasiya ilə üzləşmiş insanların təbii ehtiyaclarını ödəməsi üçün normal sanitar qovşaqların yoxluğu əzabları bir az da artırıb.

Onu da əlavə edək ki, Gürcüstana məxsus magistral yolda qış uzunu belə hallar tez-tez baş verir. Odur ki, qışda elə də çox qar görməyən azərbaycanlılar bu yolu gedərkən gərək xüsusi hazırlıq görsünlər.