Aleksandra Zuyeva, Sputnik Azərbaycan
BAKI, 4 noyabr — Sputnik. Gürcüstanın baş naziri Georgi Qaxariya ötən həftə Türkiyədə rəsmi səfərdə olub və prezident Rəcəb Tayyib Ərdoğnı Tbilisiyə dəvət edib. Onun dəvəti Türkiyə prezident tərəfindən qəbul edilib və səfər gələn ilin yazında reallaşacaq.
Türkiyə prezidenti regiona tez-tez səfər edir. Bu ilin əvvəlindən başlayaraq, o, dəfələrlə Rusiya prezidenti Vladimir Putinlə görüşüb və Azərbaycan prezidenti İlham Əliyevin qonağı olub. Gürcüstanın isə Azərbaycan və Türkiyə ilə müzakirə etmək, inkişaf etdirmək və həyata keçirmək üçün həmişə səbəbləri var.
Ərdoğan və Qaxariya danışıqlar zamanı üç ölkə üçün maraqlı olan Bakı-Tbilisi-Qars mövzusunu da kənara qoymayıblar.
Bakı, Tbilisi və Ankara həmişə ümumi dil tapıb
Bundan çıxış edərək demək olar ki, Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlıq formatının yaşamaq hüququ var. Bu fikrə Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov da şərikdir. O, bunun təsdiqi olaraq ölkələrimiz arasında artıq mövcud olan Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Tbilisi-Qars, TAP, TANAP və Cənub qaz dəhlizi kimi bütün regionu birləşdirən layihələri xatırladıb.
"Bu üç ölkə 1992-ci ildən başlayaraq həm siyasi, həm də iqtisadi planda yaxınlıq edirlər. Həmçinin Azərbaycan və Türkiyə Gürcüstan iqtisadiyyatında açar rolu oynayır", - deyə politoloq bildirib.
Sputnik Azərbaycan-ın həmsöhbətinin fikrincə, Gürcüstan başa düşür ki, Azərbaycan və Türkiyə olmadan öz iqtisadiyyatını inkişaf etdirə bilməz. Ankara olmadan, Gürcüstanın Avropa İttifaqına inteqrasiyası praktiki olaraq, mümkün deyil.
"Baxmayaraq ki, Türkiyə Avropa İttifaqının üzvü deyil, Ukraynadakı vəziyyəti nəzərə alanda, hazırda o, Avropaya açılan ən əlverişli pəncərədir. Məhz Türkiyə vasitəsilə Gürcüstan Avropa ilə ticarət əlaqələri saxlaya, həmçinin Qara dəniz vasitəsilə öz məhsullarını Avropa bazarlarına çıxara, ixrac edə bilir" - Məmmədov əlavə edib.
Politoloq əmindir ki, gürcü, Azərbaycan və türk xalqları qardaşdır və bu ölkələrdə hakimiyyətdə kimin olmasına baxmayaraq, onların əlaqələri daim inkişaf edəcək. Çünki onların geosiyasi və geoiqtisadi maraqları üst-üstə düşür.
"Gürcüstan, Azərbaycan və Türkiyə həmişə ümumi dil tapa və mübahisəli məsələləri diplomatik yolla həll edə bilirlər. Onlar maraqları nəzərə alaraq, bir-birinin ərazi bütövlüyünə də hörmətlə yanaşırlar. Bununla yanaşı, Azərbaycan və Türkiyə həmişə Gürcüstana ağır iqtisadi vəziyyətdən çıxmağa kömək ediblər və rəsmi Tbilisi bunu başa düşür", - politoloq əlavə edib.
Azərbaycan-Gürcüstan-Türkiyə formatı Ankaraya lazım deyil
Bununla belə, türk politoloq Engin Özər Azərbaycan-Gürcüstan-Türkiyə formatının real olduğu fikri ilə razılaşmır. O, hesab edir ki, bu gün Ankaraya bu format xüsusilə lazım deyil. Və bu iki qonşu ölkənin Türkiyə üçün əhəmiyyəti eyni deyil: Azərbaycan qardaş ölkədir, Gürcüstan isə tərəfdaşdır.
"Qaxariya Türkiyəyə ona görə gəlmişdi ki, Gürcüstanın Anakliya portu layihəsi üçün yeni investorlar tapsın. Gürcüstan üçün bu, strateji layihədir, hansı ki, burada türkləri amerikalılar əvəz edə bilər. Amma mən bütün bunlarla yanaşı bu səfərdən region üçün fövqəladə heç nə gözləmirəm" - deyə türk politoloq əlavə edib.
Özər bu pessimist əhval-ruhiyyəni Ankaranın Moskva ilə Tiflis arasındakı gərginlikdən narazı olması ilə izah edib. O xatırladıb ki, "Rusiya dəmir yolları" vaxtilə Bakı-Tbilisi-Qars dəmir yoluna birləşmək istəyirdi, lakin 2008-ci ildə baş verən münaqişədən sonra Moskva üçün bu layihə öz aktuallığını itirdi.
Azərbaycan, Türkiyə və Gürcüstan hərbçiləri birgə təlim keçirəcəklər>>
Politoloq həmçinin qeyd edib ki, Ankara Moskva ilə yaxşı münasibətlərini nəzərə alaraq Rusiya-Gürcüstan münasibətlərində moderator rolunda çıxış edə bilər. Türkiyə Cənubi Qafqazı stabil və təhlükəsiz görmək istəyir və qonşularla xoşagəlməz situasiya ona sərf eləmir. Hələlik isə hər şey olduğu kimi qalmaqdadır.
Münasibətlər rəqəmlərdə
Türkiyə Azərbaycan və Gürcüstanla 1992-ci ildə diplomatik əlaqələr qurub. Bu ölkələr ticarət, iqtisadiyyat, enerji, regional təhlükəsizlik, təhsil sahəsində əməkdaşlıq edir, bir-birilərini vacib strateji tərəfdaş hesab edirlər.
Türkiyə Azərbaycanla yanaşı Gürcüstanın da böyük ticarət tərəfdaşıdır. Türkiyə ilə Azərbaycan arasında 2019-cu ilin 9 ayı ərzində ticarət dövriyyəsi 3,3 milyard dollar, Gürcüstanla isə 1,3 milyard dollara yaxın olub. 2018-ci ilin analoji dövrü ilə müqayisədə Türkiyənin Azərbaycanla ticarət dövriyyəsi 37,8%, Gürcüstanla isə 2,8% artıb.