On iki ilə min nəfər - Onları öldürüblər

Son 12 ildə dünyada 1010 jurnalist qətlə yetirilib və bu cinayətləri törədən şəxslərin onda doqquzu cəzasız qalır
Sputnik

BAKI, 3 noyabr — Sputnik. Noyabrın 2-də UNESCO-da Beynəlxalq Jurnalistlərə Qarşı Cinayətlərə görə Cəzasızlığa Son Qoyulması Günü ilə əlaqədar tədbir keçirilib.

Öldürülən jurnalistin son sözləri: "Boğuluram, kisəni başımdan çıxarın"

Sputnik Azərbaycan BMT-nin saytına istinadla xəbər verir ki, bununla bağlı təşkilatın Baş katibi Antonio Quterreşin bəyanatında deyilir: “Jurnalistlər hədəfə götürüldükdə, bunun zərbəsi bütün cəmiyyətə dəyir. Jurnalistlərin qorunması bizim müxtəlif sahələrdə alınan qərarlar və atılan addımlar barədə informasiya əldə etməyimiz üçün çox əhəmiyyətlidir. Onların öz işlərini təhlükəsiz şəraitdə yerinə yetirməsi təmin edilməsə, o zaman biz xaos və yanlış məlumatların hökm sürdüyü vəziyyətlə qarşılaşarıq”.

UNESCO-da keçirilən tədbirdə qeyd olunub ki, son 12 ildə dünyada 1010 jurnalist qətlə yetirilib və bu cinayətləri törədən şəxslərin onda doqquzu cəzasız qalır. Cəzasızlıq isə qətllərin sayının artmasına səbəb olur ki, bu da məhkəmə-hüquq sisteminin çökməsi və münaqişələrin daha kəskin hal almasının əlamətidir.

Qeyd olunub ki, UNESCO jurnalistlərə qarşı cinayətlərin cəzasız qalmasının bütövlükdə cəmiyyətə ziyan vurmasından narahatlığını ifadə edib. Bu ağır vəziyyət daha çox silahlı münaqişə zonalarında hökm sürür. Müharibə bölgələrində reportajlar hazırlayan jurnalistlərin təhlükəsizliyi də qorunmur.

Səudiyyə Ərəbistanında daha bir jurnalisti işgəncə ilə öldürdülər>>

BMT Baş Assambleyasının 68/163 saylı qətnaməsi ilə 2013-cü ildə elan edilmiş Beynəlxalq Jurnalistlərə Qarşı Cinayətlərə görə Cəzasızlığa Son Qoyulması Günü hər il noyabrın 2-də qeyd olunur. Həmin il Malidə iki jurnalistin qətlə yetirilməsindən dərhal sonra qəbul edilən bu qətnamədə üzv dövlətlərin hökumətlərinə cəzasızlığa son qoyulması ilə bağlı konkret tədbirlərin görülməsi barədə çağırış edilib. Sənəddə KİV nümayəndələrinə qarşı hər hansı hücumlar və zorakılıq aktları qətiyyətlə pislənilir, təqsirkarların mühakimə edilməsi tələb olunur. Qətnamədə, həmçinin jurnalistlərin öz işlərini sərbəst və maneəsiz yerinə yetirmələri üçün dövlətlərin lazımi şərait yaratmasının zəruriliyi vurğulanır.