CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Adı ilə uyğunlaşmayan məhsullar: Əsas yazı deyil, keyfiyyətdir

İstehlakçı heç bir zaman mağazada əldə etdiyi məhsulun həqiqətən də aldığı brendə aid olub-olmadığını bilə bilməz. Bunu ancaq dövlət orqanları müəyyən edə, satışdan və istehsaldan yığışdıra bilərlər
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 3 noyabr — Sputnik. Bir neçə gün öncə Azərbaycan Qida Təhülkəsizliyi Agentliyi saxta adla ağartı məhsullarının satışı ilə məşğul olan daha bir sexin fəaliyyəti haqda məlumat yayıb. Belə ki, agentliyin məlumatına görə, Bakı şəhəri, Binəqədi rayonunda fəaliyyət göstərən fiziki şəxs Muradov Elxan Mürşüd oğluna məxsus süd məhsulları istehsalı sexində aparılan yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulması faktları aşkar edilib. Yoxlama zamanı müəyyən edilib ki, emal müəssisəsi qida təhlükəsizliyi qeydiyyatından keçməyib və avtomagistral yolun kənarında, istifadəolunma təyinatı maşın qarajı üçün nəzərdə tutulmuş birmərtəbəli daş tikilidə fəaliyyət göstərir. Bundan başqa, sexdə sanitar-gigiyena və texniki normativ aktların tələblərinə əməl edilmədiyi, mənşəyi məlum olmayan xammallardan istifadə edilməklə süd məhsullarının istehsalının həyata keçirildiyi aşkarlanıb.

Adı ilə uyğunlaşmayan məhsullar: Əsas yazı deyil, keyfiyyətdir

Bütün bunlarla yanaşı, məhsulun markalanmasında “İvanovka” coğrafi adından istifadə etməklə istehlakçıların aldadılması və hüquqlarının pozulması faktı da aşkarlanıb. Qeyd olunub ki, məhsulun etiketlənməsində istehsalçı kimi hazırda fəaliyyət göstərməyən subyektin adı və ünvanı yazılıb.

Belə hallar vaxtaşırı olaraq üzə çıxır. Nəinki "İvanovka", eləcə də digər adlar altında satılan məhsulların da zamanla saxta olduğu məlum olur. Belə ki, bəzi hallarda satılan satılan suyun ünvanda göstərildiyi ərazidə çıxarılmadığı və qablaşdırılmadığı, digər hallarda isə müxtəlif məhsulların, o cümlədən şirniyyat məhsullarının üzərində adı yazılan yerə aidiyyatı olmadığı üzə çıxır. Məsələn, bir müddət öncə “Şəki halvası” adı altında satılan, üzərində Şəki şəhərində fəaliyyət göstərən müəssisədə hazırlandığı iddia edilən şirniyyat məhsulunun bu şəhərlə heç bir əlaqəsi olmadığı məlum olmuşdu. Bundan əlavə, bir müddət öncə dünya şöhrətli brendlərə aid yuyucu vasitələrin saxtalaşdırılması faktı müəyyən edilmişdi.

Ərzaq məhsulları, içki və tütün məmulatlarının qiyməti 2 faiz bahalaşıb>>

Bəzi hallarda isə aldığımız məhsulun tərkib etibarilə üzərində yazıldığı məhsulla uyğun olmadığını aşkar edirik.

Maraqlıdır, bu cür coğrafi adların, brendlərin oğurlanmasının, onların saxtalaşdırılmasının qarşısını necə almaq olar?

Milli Kulinariya Assosiasiyasının prezidenti, Mili Mətbəx Mərkəzinin rəhbəri Tahir Əmiraslanov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, eyni texnologiya, eyni üsulla bir məhsullu coğrafi yerindən asılı olmayaraq başqa yerdə də hazırlamaq olar. T.Əmiraslanov hesab edir ki, bu zaman həmin məhsul saxta hesab olunmayacaq. Lakin onların tərkib baxımından saxta olub-olmamasını Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyalarında aparılan analizlə bilmək olar.

Adı ilə uyğunlaşmayan məhsullar: Əsas yazı deyil, keyfiyyətdir

Assosiasiyasının prezidenti qeyd edir ki, bir məhsulun həqiqətən də brend ada aid olub-olmadığını istehlakçı özü müəyyən edə bilməz. İstehlakçının, əgər son dərəcə kobud şəkildə saxtalaşdırılmayıbsa, heç bir zaman mağazada əldə etdiyi məhsulun həqiqətən də aldığı brendə aid olub-olmadığını bilmək imkanı olmayacaq: “Bunu ancaq və ancaq dövlət orqanları müəyyən edə, satışdan və istehsaldan yığışdıra bilərlər”.

Amma məhsulun keyfiyyətini müəyyən etmək mümkündür. Yetər ki, kifayət qədər diqqətli olaq: "İlkin olaraq bu məhsulun saxta olub-olmadığını ayırmaq mümkün olmayacaq. Amma məhsulun üzərini oxumaq mütləqdir. Bəzən kiçik şiriftlərlə yazılan yazı, onun həmin brendə aid olub-olmadığını fərqləndirməyə imkan verir. Bundan əlavə, məhsulun dadına baxmaq, onun keyfiyyətlərini yoxlamaq lazımdır".

T.Əmiraslanov deyir ki, məsələn qatılaşdırılmış süd məhsulu alanda üstündə kiçik hərflərlə “bitki yağı var” yazısını görmək elə onun saxta olmasına işarədir: "Bu o deməkdir ki, o, təmiz süd məhsulu deyil, saxtadır. Bu o deməkdir ki, biz ilkin olaraq məhsulun üzərini oxumaqla onu fərqləndirə bilərik".

"Yaxud da bir damcı yodu götürərək ağartı məhsullarının üzərinə tökməklə də onun saxta olub-olmadığını müəyyənləşdirmək mümkündür. Əgər məhsul göyərirsə, bu o deməkdir ki, həmin məhsul kraxmaldan hazırlanıb. 

Prezident İlham Əliyev ərzaq təhlükəsizliyi barədə tapşırıq verdi
Balı da bu cür yoxlamaq olar. Qatılaşdırılmış balın üzərinə bir damcı yod tökərək onun göyərməsini müşahidə etmək o deməkdir ki, balın da tərkibinə kraxmal doldurulub. Bundan əlavə, məhsulun qiymətinə, dadına baxmaqla da onun saxta olub, olmadığını müəyyənləşdirmək olar", - deyə o əlavə edib.

Ekspert bildirir ki, bununla belə, bir məhsulun saxta olması təsdiqlənməyibsə, şayiələrə əsaslanaraq onun saxta olması haqda fikir irəli sürmək olmaz: "Əgər əsassız olaraq kimsə “filan məhsul saxtadır” deyirsə, bu düzgün deyil. O cümlədən də belə əsassız məlumatların üzərinə köklənərək məlumat yaymaq da düzgün deyil. Şübhəli olan məhsul mütləq şəkildə laboratoriyada yoxlanılmalıdır".