CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu məkan yalnız Azərbaycandadır: hər kəsdən bir "parça" qalıb - FOTO

Azərbaycanın ucqarında fəaliyyət göstərən dünyada yeganə olan muzeyin ilk eksponatı 1978-ci ilə aiddir
Sputnik

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 1 noyabr — Sputnik. Naftalan şəhərində dünyada yeganə olan bir muzey mövcuddur. Bu muzeyin eksponatları hər biri özündə bir tarix yaşadan taxta, dəmir və müxtəlif materiallardan olan əsalar, qoltuq ağacları və saysız-hesabsız təşəkkür məktublarıdır. Bütün dünyada bura “Əsalar muzeyi” kimi tanınır.

Bu məkan yalnız Azərbaycandadır: hər kəsdən bir "parça" qalıb - FOTO

Sputnik Azərbaycan xəbər verir ki, hazırda Naftalan şəhər Tarix-Diyarşünaslıq Muzeyinin tərkibində fəaliyyət göstərən “Əsalar muzeyi”nin qəribə yaranma tarixçəsi var. Belə ki, ötən əsrdən başlayaraq sağlamlıq əhəmiyyətli Naftalan neftinin sorağını eşidən minlərlə insan müxtəlif ölkələrdən bu kiçik şəhərə üz tutub. Əsayla, qoltuq ağaclarıyla gələn insanlar müalicədən sonra artıq bu əşyalar onlara lazım olmadığından elə sanatoriyalarda qoyub gediblər. Vətənlərinə döndükdən sonra isə Naftalana olan sevgilərini ünvanladıqları təşəkkür məktublarında qeyd ediblər. Beləcə, sanatoriyalarda yığılan çoxsaylı qoltuq ağacları, fotoşəkillər və təşəkkür ifadələri ilə dolu məktublar cəmlənərək dünyada ən unikal muzeylərdən birinin yaranmasına səbəb olub.

Bu məkan yalnız Azərbaycandadır: hər kəsdən bir "parça" qalıb - FOTO

Gəncə Regional Mədəniyyət İdarəsinin Naftalan üzrə nümayəndəsi Zöhrab Adıgözəlov Sputnik Azərbaycan-a müsahibəsində muzeyin ilk eksponatının 1978-ci ilə aid olmasına rəğmən, muzeyin yaranmasının 1983-cü ilə təsadüf etdiyini bildirib: “Əsalardan təşkil olunmuş muzey şəhərimizdə 1983-cü ildən fəaliyyət göstərir. Lakin müstəqilliyimizin ilk illərində bir çox sahələr kimi Naftalanın “Əsalar muzeyi” də  fəaliyyətini dayandırmağa məcbur olub. Lakin onun eksponatlarının əksəriyyəti tərəfimizdən qorunub saxlanıb. Bu ildən başlayaraq Naftalan şəhər Tarix-Diyarşünaslıq Muzeyi yeni binaya köçüb və “Əsalar muzeyi” də onun tərkib hissəsi olaraq buraya yerləşdirilib”.

İdarə rəsmisi “Əsalar müzeyi”nə həm yerli, həm də xarici turistlər arasında marağın böyük olduğuna diqqət çəkib.