Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 31 oktyabr — Sputnik. "Bilmirəm müsahibə verim, yoxsa yox... Axı mən şəhid anasıyam (dodağını qulağıma söykəyib pıçıltıyla deyir). Bunu bilsələr mənə münasibət necə olar? Bundan əlavə sabah xəstə olub yatağa düşsəm mənə kim baxacaq? Öz doğma bacılarımdan da QİÇS xəstəsi olduğumu gizlətmişəm ..."
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin stasionar şöbəsində (RQMM) qarşılaşdığımız Hüsniyyə Məmmədovanın (adı şərtidir) dilindən eşitdiyimiz bu kəlmələr, bəlkə də İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) yoluxan şəxslərə qarşı münasibətin, stiqma və diskriminasiyanın ən real cızılmış tablosudur...
Əvvəlcə Sputnik Azərbaycan-a müsahibə verməkdən çəkinsə də, sonra həmsöhbət olmağa razılaşan H. Məmmədova narahatçılığının əbəs yerə olmadığını deyir. Onunla söhbət zamanı öyrənirik ki, H. Məmmədova bu virusa narkotik maddəni inyeksiya yolu ilə qəbul edərkən yoluxub: "2015-ci ildən bu virusa yoluxmuşam. Səhhətimdə nasazlıq olduğunu hiss edəndən sonra bu Mərkəzə gəlib testdən keçdim. Bundan sonra öyrəndim ki, mən İİV-ə yoluxmuşam. Bəzən öz-özümə sual verirəm ki, test müayinəsindən keçməsəydim, indi yaşayardımı? Sözsüz ki, yox! Demək olar ki, burada aparılan müalicələrin sayəsində həyatdayam. Ona görə də, narkotik maddə aludəçilərinə, təsadüfi cinsi əlaqədə olanlara müayinədən keçməkdən çəkinməməyi tövsiyyə edirəm".
İ. Məmmədova öz yarını da sən demə elə bu Mərkəzdə tapıb. Hazırda İİV virusu daşıyıcısı olan şəxslə vətəndaş nikahında yaşayan İ. Məmmədova cinsi partnyorunun da burada vaxtaşırı müalicə olunduğunu söyləyir.
H. Məmmədova xəstəliyini gizli saxlamasının səbəbini İİV daşıyıcılarına cəmiyyətdə olan münasibətdən irəli gəldiyini söyləyir: "İlk həyatım uğursuz olub. Bundan sonra narkotik maddələrə aludəçilik yarandı. Başqa narkomanın şprisindən istifadə etdiyim üçün bu virusa yoluxdum. Gözümün ağı-qarası bir oğlum vardı, o da Vətən uğrunda şəhid oldu. Bəlkə də incidiniz əvvəl müsahibə verməkdən imtina edəndə. Amma bizi qınamayın. Xüsusilə də İİV virusuna yoluxmuş qadınları. Mən İİV virusuna yoluxduğumu qohum-əqrabamdan, öz doğma bacılarımdan belə gizlədirəm. Çünki, sabah xəstə olub yorğan-döşəyə düşsəm, mənə heç kəs baxmayacaq. Bizim cəmiyyətimizdə QİÇS adı eşidəndə adamdan on metr kənar gəzirlər. Elə bilirlər ki, salam versələr bu virusa yoluxacaqlar. Mən də şəhid anasıyam. İstəmirəm ki, hamı məndən uzaq gəzsin. İİV virusuna yoluxduğumu bircə rayonumuzun başçısı bilir. O da alicənab adam olduğundan mənimlə görüşməkdən çəkinmir. Əksinə, maddi və mənəvi baxımdan hər zaman dəstək olur mənə. Di gəl ki, bu xəstəliklə heç yerdə gedib işləyə bilmirəm. Elə işlər var ki, bu virusa yoluxmağımızın dəxli yoxdur. Amma arayışda İİV xəstəsi olduğumuzu görüb bizdən kənar gəzirlər. Bizim kimi xəstələrə münasibət nə qədər ki, dəyişməyib, bu xəstəliyi ölənə qədər sirr kimi saxlamağa məcburuq".
"Bir daş altda, bir daş üstdə"
RQMM-də olarkən öyrənirik ki, burada xəstələrlə bağlı məlumatlar gizli saxlanılır. Buraya gələn şəxslərə Mərkəzdə anonim müayinə olunmağa da şərait yaradılır. Elə ona görə də, yolumuzu RQMM-in Anonim müayinə və Məsləhət Kabinetindən salırıq. Kabinetin həkimi Elmira Rəfibəyli deyir ki, bu kabinetdə danışılanlar, elə burada da qalır: "Bizim xəstələrə anonim müraciət etmələri üçün şərait yaratmağımız elə cəmiyyətdə İİV virusuna yoluxmuş xəstələrə qarşı olan stiqmadan irəli gəlir. Kabinetə müraciət edənlər istəmirlər ki, buraya gəldiklərindən tanışlarının xəbəri olsun".
E. Rəfibəylinin sözlərinə görə, kabinetə ancaq anonim müayinə olunmaq istəyənlər müraciət edir: "Bura gələnlər əsasən təsadüfi cinsi əlaqədə olanlar və narkotik maddə istifadə edənlərdir. Gələnlər arasında hər iki cinsin nümayəndələri var. Aralarında kişilərlə cinsi əlaqədə olan cinsi azlıqlar da var. Amma onlar statuslarının açıqlanmasına qəti razı deyillər. Biz hesabatın tələblərinə uyğun onlarla sorğu-sual aparırıq. Evli, yaxud subay olduğunu araşdırırıq. Olardan analiz götürülür, müayinələrin cavabını isə ancaq onların özlərinə veririk. Anonimdə nəticə müsbət çıxdıqda onlardan təkrar qan analizi götürülür, epidemioloji araşdırılma aparılır, qanı immunoblokdan keçirilir".
Həkim qeyd edib ki, bəzən cinsi əlaqədə olan şəxslər sabahı gün QİÇS mərkəzinə yoxlanmağa gəlir. Nəticə mənfi çıxsa da, onlara QİÇS-in pəncərə dövrü olduğu, bir müddətdən sonra təkrar müayinəyə gəlmələrinin vacib olduğu izah edilir.
"3 aydan 6 aya qədər həmin xəstə yoxlanılır. Anonim müraciət edənlərin çoxu kişilərdir. Biz onlara tövsiyyə edirik ki, öz cinsi partnyorlarını da müayinə üçün gətirsinlər. Həmçinin biz kabinetə müraciət edən şəxslərə İİV-ə görə müayinənin vacib olduğunu təsdiqləyən bukletlər də təqdim edirik. Onlara cinsi əlaqə zamanı istifadə etmək üçün prezervativlər paylayırıq", - deyən E. Rəfibəyli İİV virusu ilə bağlı bütün müayinə, müalicə və məsləhətlərin pulsuz olduğunu bilirib.
İİV xəstəsi sağlam uşaq dünyaya gətirə bilər...
Mərkəzə gəlmişkən bu tibb müəssisəsinin laborator imkanları ilə də tanış oluruq. Mərkəzin laboratoriyasının müdiri Ella Qurbanova deyir ki, burada bütün serioloji müayinələr aparılır. Qan zərdabında İİV virusunun aşkarlanması və qanda virusun yükü müəyyən edilir. Burada xəstələrin müalicəsinin necə effekt verdiyi məhz bu analizlə, qanda virus yükünün normasına görə müəyyən olunur. Virus yükü aşağı düşürsə, deməli, müalicə çox yaxşı nəticə verib.
E. Qurbanova bildirir ki, bəzən qanda virus yükü aşkarlanmır: "Hətta belə halda qorunmamış cinsi əlaqə zamanı belə cinsi partnyorlardan digəri bu virusa yoluxmur. Qanda virus yükü əhəmiyyətli dərəcədə enəndə, İİV virusuna yoluxmuş qadınlar ana da ola bilər. Bu zaman onların dünyaya gətirdiyi uşaq tam sağlam doğulur".
QİÇS-lə Mübarizə Mərkəzinin Epidemioloji nəzarət və profilaktika şöbəsinin müdiri Afət Nəzərli isə Sputnik Azərbaycan-a açıqlamasında İİV virusuna yoluxmuş şəxslərin müalicəsi yönündə görülən işlərdən söz açıb. A. Nəzərli deyib ki, cəmiyyətdə belə xəstələrə qarşı stiqma bəzən onları bu Mərkəzə gəlb müayinə və müalicə olmaqdan çəkindirir. Amma şöbə müdiri vaxtında müayinə və mütəmadi müalicə sayəsində bu gün ailəsi ilə xöşbəxt yaşayan, hətta 70 yaşın kürəyini yerə vuran xəstələrin olduğunu bildirir. Dediyinə görə, təkcə bu ilin 9 ayı ərzində respublika üzər 524 nəfərdə İİV-ə yeni aşkarlanma halı qeydə alınıb:
"Onların 498 nəfəri Azərbaycan vətəndaşıdır və əksəriyyətini kişilər təşkil edir. Yoluxma yollarına nəzər salsaq görərik ki, bütün Şərqi Avropa regionunda olduğu kimi, hal-hazırda parental yoluxma aşağı düşüb. Əsas yoluxma hetreseksual yoldur. 63 nəfərdə parenteral yolla yoluxma qeydə alınıb ki, bu da ümumi yoluxmaların 12% təşkil edir. Homoseksual yolla yoluxma ötən illərlə müqayisədə artıb. 9 ay ərzində 7 faiz təşkil edib. Bütün yeni aşkar olunan şəxslər testdən keçib müsbət nəticə aşkarlanan kimi mütləq şəkildə antiretrovirus (ARV) terapiyasına cəlb olunaraq müalicəyə başlayırlar. 25 və 49 yaş arası insanlarda yoluxma halları qeydə alınır".
Şöbə müdirinin sözlərinə görə, Respublika üzrə İİV virusuna anadan uşağa yoluxma üzrə çox yaxşı nəticə əldə edilib: " 9 ay ərzində İİV virusunun anadan uşağa keçmə faktına rast gəlinməyib. Bu da hamilə qadınların antiretrovirus (ARV) terapiyasına cəlb olunmasının nəticəsidir".
O qeyd edib ki, son illər zərərin azaldılması proqramı sayəsində inyeksiya yolu ilə İİV-ə yoluxma faizi aşağı düşüb: "Narkotik istifadəçiləri "Metadon" proqramına cəlb olunurlar. Bu eyni şprisdən təkrar istifadənin qarşısını alır. Onlara pulsuz şpris və ləvazimatlar, qoruyucular paylanılır".
A. Nəzərli deyir ki, bəzi KİV-lərdə İİV virusuna yoluxmuş gənclərin nikaha daxil olmadığı barədə yayılan məlumatlar da həqiqətə söykənmir: "Əksinə, onlar bizə müraciət edir ki, virus həddi aşağı salınsın, ailə qursunlar. Biz isə onlara toyun müddətini bir qədər ləngitməyi, müalicə effekt verənədək səbr etməyi tövsiyə edirik. Onların çoxu nikahı pozmurlar. Hətta hönkür-hönkür ağlayırlar ki, müalicə olunsunlar, tez qovuşsunlar. İİV virusunu həyatın sonu kimi təqdim etmək bu virusa yoluxan insanların yaşamaq ümidini məhv edir. Halbuki, İİV virusuna yoluxma vaxtında aşkarlanaraq müalicə edildikdə, cütlüklərdən biri sağlam olduğu təqdirdə belə cinsi partnyorunu yoluxdurmamaqla xöşbəxt ailənin təməli qoyula bilər. Belə ailədə sağlam uşaq da dünyaya göz aça bilər".
"Hüquqi İnkişaf və Demokratiya İctimai Birliyi" nin sədri Zülfiyyə Mustafayeva Sputnik Azərbaycan-a açıqlamasında inyeksiya yolu ilə İİV-ə yoluxma faizinin azaldığını təsdiqləyib. O, bildirib ki, Zərərin Azaldılması Proqramı yoluxmanı 10 faiz azaldıb. Amma əvəzində heteroseksual yolla yoluxma tendensiyası artır. Bu yolla yoluxma daha çox qadınlar arasında qeydə alınır. Bununla belə yenə də İİV-ə yoluxmada dominantlığı kişilər təşkil edir.
Mustafayevanın fikrincə, qadınlar arasında aşkarlanma faizinin yüksək olması, onların ginekoloji problemlərlə bağlı tibb müəssisələrinə daha çox müraciət etməsi ilə bağlıdır: "Qadınlar abort, doğuş və digər müayinələr üçün həkimə müraciət etdikdə, İİV-ə görə müayinə edilirlər. Bu da qadınlar arasında həmin virusa yoluxma statistikasını artırır".
Birlik sədri inyeksiya yolu ilə İİV-ə yoluxma hallarının azaldığını söyləsə də, narkomanlar arasında bu virusa yoluxmanın Azərbaycan üçün təhlükə olaraq qaldığını bildirib.