CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Radikal qruplaşmalara qoşulan 400 nəfər artıq Azərbaycana qayıda bilməyəcək

Hazırda valideyn himayəsindən məhrum olan azyaşlıların müəyyən edilərək ölkəyə gətirilməsi istiqamətində ciddi addımlar atılır
Sputnik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 31 oktyabr — Sputnik. "Bəzi qadınlar və uşaqlar da İraq və Suriyadakı düşərgələrdə saxlanılırlar". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib.

Radikal dini cərəyanlarla bağlı layihə ölkədə böyük rezonans doğurub

O qeyd edib ki, onların ölkəyə gətirilməsi üçün işlər görülür: "Valideynlərini itirmiş uşaqların ölkəyə gətirilməsi üçün daim işlər görülür, onların bir qismi artıq ölkəyə gətirilib. Hazırda da himayəsiz uşaqların müəyyənləşdirilib ölkəyə gətirilməsi istiqamətində işlər davam edir. Orada Azərbaycanın müxtəlif bölgələrindən olan uşaqlar var, onların şəxsiyyətləri müəyyən edilir. Burada mürəkkəb bir məsələ var ki, bəzi uşaqların valideynləri müəyyənləşdirilməlidir. Azərbaycandan gedən həmin qadınların bəziləri ərləri öldükdən sonra digər ölkələrin vətəndaşları ilə əlaqədə olaraq uşaq dünyaya gətiriblər. İndi onların da vətəndaşlıq məsələsi müəyyənləşdirilməlidir. Ona görə bu məsələ bir qədər mürəkkəbdir. Bəzi şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi də var. Amma hazırda valideyn himayəsindən məhrum olan azyaşlıların müəyyən edilərək ölkəyə gətirilməsi istiqamətində ciddi addımlar atılır".

Ya arvad, ya qəlyan: Misir boşanmaların qarşısını almaq üçün radikal addım atır>>

S.Heydərov həmçinin qeyd edib ki, son iki il ərzində Azərbaycandan radikal qruplaşmalara qoşulma halları qeydə alınmayıb. O bildirib ki, əksinə, həmin qruplaşmalardan kənarlaşmanın baş verdiyi müşahidə edilir: "2011-ci ildən indiyədək belə qruplaşmalara qoşulanların 400 nəfərdən çoxunun vətəndaşlığı ləğv edilib. Həmin insanlar artıq Azərbaycana geri qayıda bilməzlər. 110-dan artıq şəxs məsuliyyətə cəlb edilib. Bu qruplaşmalara qoşulan digər şəxslərin də müəyyənləşdirilərək ölkəyə gətirilməsi istiqamətində aidiyyəti orqanlar tərəfindən iş aparılır. Hesablamalara görə, indiyədək 1000-dən çox şəxs bu radikal qruplaşmalara qoşulub. Onlardan 300 nəfərdən çoxunun ölməsi haqqında məlumatlar var, amma digərləri müxtəlif ölkələrdə gizlənirlər".