MƏDƏNİYYƏT

Azərbaycan teatrlarında ixtisaslı aktyor problemi: Onları kim və necə hazırlasın

Universitetdə kukla, yaxud pantomim teatrı aktyorluğu kimi fakültələrin yaradılmasından söhbət gedə bilməz.
Sputnik

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 31 oktyabr — Sputnik. Azərbaycanda 1 Pantomima teatrı və 3 Kukla teatrı fəaliyyət göstərir. Bu teatrlara aktyor qəbulu digərlərindən fərqlidir. Belə ki, spesifik xüsusiyyətə malik olan bu sənət sahəsinə seçim zamanı aktyorun plastikasına, pantomim səhnə hərəkətinə, kuklalarla işləmə qabiliyyətinə xüsusi fikir verilir. Bəs görəsən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində bu yöndə aktyorlar üçün fakültə fəaliyyət göstərirmi? Ümumiyyətlə, sözügedən teatrların buna tələbatı varmı?

Azərbaycanlı aktrisa açıq-saçıq səhnəyə çəkildi – VİDEO

Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcısı və baş rejissoru, Xalq artisti Bəxtiyar Xanızadənin sözlərinə görə, səhnə hərəkəti kafedrasında pantomima mütləq fənn kimi 1-ci kursdan 3-cü kursa qədər tədris olunmalıdır.

"1970-ci illərdə mən İncəsənət Universitetində təhsil aldığım zaman rejissorluq fakültəsi cəmi 3 rejissor hazırlayırdı. 4 ilə 12 rejissor yetişdirilirdi. Həmin dövr üçün Azərbaycan teatrlarını say hesabına görə təmin edirdi. Başqa sözlə, insanlar buranı bitirirsə sonra işlə də təmin olunmalıdır. Bildiyimiz kimi ölkədə Pantomima teatrı bir dənədir. Onun üçün fakültə açıb ilə 5 aktyor hazırlamağına dəyməz. Amma fənn olarsa, aktyorların içindən seçmək olar. Mən artıq bir neçə ildir ki, həmin universitetdə dərs demirəm. Deyəsən pantomima fənni tədris olunur. O ki, qaldı Kukla teatrı üçün aktyor yetişdirən fakültəyə, məncə bunu etməyinə dəyər".

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova isə deyib ki, bu yöndə müəyyən çətinliklər olur və bu da ümumən təhsildən qaynaqlanır. "Bizdə əsasən ADMİU-nun aktyorluq və musiqili teatr bölmələrini bitirən məzunlar işə götürülür. Dram artistlərindən fərqli olaraq, bizdə aktyorun səs-vokal imkanları və plastikası ümdə məsələdir. Xüsusən son illər musiqili teatr üzrə məzunlar işə cəlb olunublar. Onlar aktyor ştatına götürüldükdən sonra da bəzən aylarla onlara kuklanın mənimsənilməsi öyrədilir. Bu mərhələli şəkildə predmetlərdən kuklalara keçidlə olur. Kuklalarla iş və səsin tənzimlənməsi öyrədilir. Yeni aktyorların rollara keçirilməsi də mərhələli olur. Özünü doğruldanlara canlı planda da rol verilir. Daha çox şirma arxasında bir və bir neçə obrazın bir tamaşada idarəsinə diqqət yetirilir. Çünki bəzən 1 kuklanı 2-3 aktyor da idarə edir".

"Oskar"lı aktrisa podiuma ayaqyalın çıxdı

ADMİU-nun mətbuat katibi Elçin Cəfərov hazırda universitetdə aktyor sənəti ixtisası üzrə mütəxəssislər yetişdirildiyini bildirib. Onun sözlərinə görə, bu gün ölkənin müxtəlif teatlarında, o cümlədən Kukla və Pantomim teatrlarında çalışan aktyorların əksəriyyəti ADMİU-da təhsil alıb. Universitetdə kukla aktyoru, yaxud pantomim aktyoru kimi fakültənin yaradılmasından söhbət gedə bilməz. Sözügedən sahələr üzrə ixtisaslaşmanın yaradılmasına gəlincə, ehtiyac olarsa, gələcəkdə belə ixtisaslaşma üzrə tədrisin təşkil olunması istisna edilmir. "Hazırda Universitetimizdə plastik və pantomima (2 – 3-cü semestr) , səhnə hərəkəti (3-4-cü semestr), ritmika (1-ci semestr), qılınc təlimi (5-ci semsetr), səhnə döyüşü (6-cı semestr) fənnləri tədris olunur", - deyə Cəfərov bildirib.

O, həmçinin əlavə edib ki, hər hansı dövlət universitetində hansısa fakültənin, ixtisasın, yaxud ixtisaslaşmanın yaradılması yalnız universitetin səlahiyyətində olan məsələ deyil. Ali məktəblərdə ixtisasın, yaxud ixtisaslaşmanın yaradılması zamanı bir çox amillər, o cümlədən sosial sifariş faktoru mütləq nəzərə alınır.