CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əli Həsənov: "Monopoliyanın bəzi xətləri dövlət qulluqçularına gedib çıxır"

Bakıda bu gün SƏLİS -  Sürətli Əlaqələndirmə və Layihələri İdaretmə Sisteminin təqdimat mərasimi keçirilib
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 30 oktyabr - Sputnik. SƏLİS-in yaradılması qrant verənlərin, qrant alanların və bu xidməti həyata keçirənlərin işini yüngülləşdirəcək, şəffaflaşdıracaq. Bu sözləri Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkil etdiyi SƏLİS -  Sürətli Əlaqələndirmə və Layihələri İdaretmə Sisteminin təqdimat mərasimində çıxışı zamanı deyib.

İndi layihələr daha SƏLİS idarə olunacaq

Ə. Həsənov bildirib ki, Prezident İlham Əliyevin bəyan etdiyi və həyata keçirdiyi kurs müstəqil Azərbaycanın modernləşdirilməsi, müasirləşdirilməsi və müasir, qlobal dünyanın çağırışlarına uyğun olaraq onun inkişafının yeni trendlər əsasında zənginləşdirilərək davam etdirilməsidir: "Bu gün Azərbaycan dövləti elə səviyyəyə gəlib çatıb ki, elektron hökumətdən, elektron xidmətlərdən, hətta rəqəmsal hökumət və rəqəmsal xidmətdən bəhs edə bilir. Prezident İlham Əliyevin 3 prezidentlik dövrü Azərbaycanın modernləşdirilməsi, ictimai, siyasi, sosial, iqtisadi həyatının yenidən qurulması və ölkədə vətəndaş məmnunluğunun təmin olunmasını əhatə etdi. Vətəndaş məmnunluğu ona göstərilən xidmətlərin asanlaşdırılması, rahatlaşdırılması və hamı üçün məqbul formaya salınmasıdır”.

Prezidentin köməkçisi bildirib ki, vətəndaşların məmnunluğunun təməlində onun sosial-iqtisadi və digər problemlərinin həlli, firavan həyatının təmin olunması, təhlükəsizliyinin təmin olunması, təşəbbüslərinin dəstəklənməsi dayanır: “Bu mərhələdə yaranan xidmətlərdən, o cümlədən bu gün təqdimatında iştirak etdiyimiz SƏLİS-in də təməlində bu dövrün vətəndaş cəmiyyəti quruculuğu prosesi siyasəti dayanır. 2007-2008-ci illərdə Prezident İlham Əliyevin təqəbbüsü ilə iki mühüm konsepsiya qəbul olundu. Bu konsepsiyalardan biri QHT-lərə, yəni vətəndaş təşəbbüslərinə dəstək konsepsiyası idi. Bu konsepsiyanı reallaşdırmaq üçünq QHT-lərə Dövlət Dəstəyi Şurası yaradıldı. Şura şəffaf şəkildə formalaşdırıldı, üzvləri müxtəlif QHT-lərin təqdimatı ilə seçildi. 10 ildən yuxarıdır ki, Şura fəaliyyət göstərir və günü-gündən fəaliyyətini təkmilləşdirir. Vətəndaşlara göstərdiyi xidmətləri müasir dünya səviyyəsinə gətirir, elektronlaşdırır və bu xidmətlərdə şəffaflığı təmin edir. Digər konsepsiya KİV-lərin inkişafına dövlət dəstəyi konsepsiyası və bununla bağlı Fondun yaradılmasıdır. Fondun Müşahidə Şurası da KİV-lərin təqdim etdiyi siyahılar əsasında, şəffaf qaydada formalaşır, Prezident İlham Əliyev onları təyin edir. Mən bu gün Şura və Fondun fəaliyyətlərini müqayisə etmək istəmirəm. Amma görünən budur ki, Şura elektron xidmətə KİVDF-dən qabaq keçdi. Bu, yaxşı bir nümunədir. Düşünürəm ki, KİVDF də bundan sonra KİV-lərə göstərilən dəstəyi təmas olmadan, məsafədən elektron hökumət vasitəsi ilə həyata keçirə, bu xidməti yarada bilər. Ən əsası da KİV-lərə göstərilən dəstək də şəffafdır, orada qaranlıq bir məqam yoxdur. Hər bir qəzetə ayrılan yardım bəllidir, ilin əvvəlində Fondun Müşahidə Şurasında redaktorların iştirakı ilə müzakirə olunur. Əsas məsələ jurnalist müsabiqələrinin keçirilməsidir. Fond ildə iki dəfə müsabiqə keçirir, hər müsabiqədə çoxlu sayda jurnalist mükafatlandırılır. O prosesi elektronlaşdırmağın vaxtıdır”.

Əli Həsənov: “Azərbaycan və Rusiya arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir”

Ə. Həsənov deyib ki, iqtisadi, siyasi, sosial həyatın bütün sahələri yenilənib: "Nəqliyyat infrastrukturundan tutmuş mədəniyyət, mənəviyyat ocaqlarımıza, institutlarımıza, xəstəxanalarımıza, məktəblərimizə, yollarımıza qədər tutmuş hər şey yenilənib, təzələnib. Bu gün Azərbaycan dünyanın inkişaf etməkdə olan ölkələri sırasında üçüncü yerdə dayanır. Azərbaycan bütün reytinq sorğularında öncül mövqeləri tutur. Bu da Prezident İlham Əliyevin 15 ildə vətəndaş məmnunluğu istiqamətində həyata keçirdiyi tədbirlərdir və bunun nəticələrini görürük. 2018-ci il prezident seçkilərindən sonra Prezident İlham Əliyev yeni bir kurs elan etdi. Bu gün sizinlə birlikdə o kursun nəticələrini görürük. İlk növbədə bu kurs ictimai, siyasi, sosial, iqtisadi həyatımızın şəffaflaşdırılmasından ibarət idi. Bütün postsovet ölkələrində, o cümlədən dünya ölkələrində olduğu kimi Azərbaycanda da hələ kölgə iqtisadiyyatı mövcuddur. Hələ də ayrı-ayrı iş adamları dövlətin vergilərini tam şəkildə ödəmir, ödəmək istəmir. Ayrı-ayrı sahələrdə monopoliya mövcuddur və monopoliyanın bəzi xətləri də dövlət qulluqçularına gedib çıxır. Keçən dəfə Prezident İlham Əliyev iqisadi müşavirədə bu məsələlərə toxundu. İslahatlar kursu Azərbaycan cəmiyyətinin, iqtisadiyyatının, siyasətinin, sosial həyatının bütün sahələr üzrə şəffaflaşdırılması, kölgədən çıxarılması, vətəndaşların tam iştirakı ilə qurulması dövlətin iradəsidir və bu iradəyə qarşı çıxanlar cəzalandırılacaq. Şəffaflaşdırma bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar kursunun əsasını təşkil edir. Bu islahatlar kursu dövlət idarəçilik sisteminin struktur islahatlarından, idarəçilik sisteminin təkmilləşdirilməsindən başladı. Ayrı-ayrı zamanlarda yaranmış və bu gün zərurəti şübhə doğuran qurumların ləğv olunması, birləşdirilməsi, orada çalışan insanların digər lazım olan sahələrə yerləşdirilməsi həyata keçirildi. Bunun ardınca iqtisadi islahatların konturları elan olundu. Dövlət büdcəsindən tutmuş  xidmət sahələrinə, vergi yığımından tutmuş sahibkarlıq sahəsinə həm struktur, həm dövlət idarəçilik sisteminin, o cümlədən sahibkarlıq fəaliyyətinin təkmilləşdirilməsi həyata keçirilir. Bu gün bu şəffaflaşdırma elə bir mərhələyə qədəm qoyub ki, hər bir vətəndaş orada iştirak edir. O cümlədən QHT-lər, KİV-lər, millət vəkilləri vasitəsi ilə onların seçiciləri bu prosesdə iştirak edir”.