BAKI, 30 oktyabr — Sputnik. Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında uzun müddət davam edən anomal isti hava şəraitindən sonra oktyabrın 31-dən noyabrın 4-ü gündüzədək hava şəraiti qeyri-sabit keçəcək, fasilələrlə yağış yağacaq. Gecə və səhər bəzi yerlərdə yağışın intensivləşəcəyi ehtimalı var.
Oktyabrın 31-i və noyabrın 2-də güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək.
Azərbaycanın rayonlarında: oktyabrın 31-i səhərdən şimal və qərb rayonlarından başlayaraq noyabrın 3-ü gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən şimal və şərq rayonlarında yağışın intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclü olacaq. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.