Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 30 oktyabr - Sputnik. Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkil etdiyi SƏLİS - Sürətli Əlaqələndirmə və Layihələri İdaretmə Sisteminin təqdimat mərasimi keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev çıxış edərək Şuranın fəaliyyətinin tamlıqla elektronlaşdırıldığını deyib və SƏLİS brendi haqqında ətraflı məlumat verib. Qeyd edilib ki, SƏLİS-i yaratmaqda əsas məqsəd qeyri-hökumət təşkilatlarına dövlət dəstəyini müasir dövrün tələblərinə uyğun şəkildə təşkil etmək, QHT-dövlət münasibətlərində yeni əməkdaşlıq modelini formalaşdırmaq, Şuranın fəaliyyətində şəffaflığı, hesabatlığı və səmərəliliyi daha da artırmaq, mümkün neqativ halları və subyektiv amilləri sıfıra endirmək, ictimai nəzarəti və qərar qəbulu prosesində vətəndaş iştirakçılığını təmin etməkdən ibarətdir. Şura 2019-cu ildə 20 yeni elektron xidməti istifadəyə verib. Bununla da Şura elektron hökumətə keçidi tam olaraq başa çatdırıb. Bu xidmətlər SƏLİS adı altında vahid elektron bazada birləşdirilib.
Daha sonra SƏLİS haqqında filmə baxış keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov, Milli Məclis sədrinin müavini Bahar Muradova, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai, Milli Məclisin deputatları, hökumət qurumlarının nümayəndələri iştirak ediblər.
Milli Məclis sədrinin müavini Bahar Muradova tədbirdə çıxış edərək deyib ki, insan cəmiyyəti hər zaman inkişafa meyllidir: "Bunun üçün müasir standartlar, təcrübələr var. Azərbaycan qədim demokratiya ənənəsinə sahib olan ölkə kimi belə nümunələri öz həyatında daha şəffaf şəkildə tətbiq imkanına malik olduğunu göstərir. SƏLİS layihəsinin başlanmasından keçən müddətdə proseslə yaxından tanış olmuşam. QHT-lərin fəaliyyətində müəyyən narahatlıqlar var idi ki, bu problemin aradan qaldırılması üçün mükəmməl elektron xidmət ortaya qoyulub. Burada elektron vətəndaş və elektron apellyasiya xidmətini xüsusi qeyd etmək istəyirəm. Bu gün hər bir vətəndaşımız, QHT yolu ilə ölkəmizə xidməti yol tutan şəxslərin bütün qurumlarla əlaqələri elektron şəkildə şəffaf fəaliyyəti təmin edilir. Vətəndaş cəmiyyətinin yüksək səviyyədə fəaliyyəti üçün Prezidentin siyasi iradəsi, dövlətin maliyyəsi ortadadır və əsas məsələ vətəndaş cəmiyyət münasibətlərində QHT-lərin xidmət göstərmələridir. Bu layihənin beynəlxalq təşkilatlarda və xarici ölkələrdə təqdimatı keçirilməlidir”.
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev çıxış edərək bildirib ki, SƏLİS əlçatanlılığı təmin edir və sistem müasir idarəetməyə tam uyğundur. Prezident İlham Əliyevin qarşıya qoyduğu məqsədlər uğurla icra olunur.