HADİSƏ

Qazax istiqamətində təxribat törədilib - DSX

Atəşkəs rejiminin Azərbaycan tərəfindən pozulması barədə Ermənistan mətbuatının məlumatları həqiqətə tam ziddir.
Sputnik

BAKI, 30 oktyabr — Sputnik. 2019-cu il 29 oktyabr tarixində axşam saatlarından başlanılmaqla Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan Silahlı Qüvvələrinin bölmələri Qazax rayonunun bir neçə kəndi və sərhəd döyüş mövqelərimiz istiqamətində atəşkəs rejimini davamlı surətdə pozublar.

Bu barədə Sputnik Azərbaycan-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, bütün hallarda düşmən bölmələrinin atəş nöqtələri cavab atəşilə susdurulub.

Eyni zamanda, qeyd olunub atəşkəs rejiminin Azərbaycan tərəfindən pozulması barədə Ermənistan mətbuatının məlumatları həqiqətə tam ziddir, hərbi qulluqçularımız tərəfindən qarşı tərəfin təxribatına cavab olaraq düşmən mövqelərinə doğru atəş açılmış, Ermənistan silahlı qüvvələrindən fərqli olaraq yaşayış məntəqələri istiqamətində və mülki şəxslərə qarşı silah tətbiq olunmayıb.