BAKI, 30 oktyabr — Sputnik. Vaşinqtonun Moskvanı yeni sanksiyalarla təhdid etdiyi bir vaxtda, amerikalı sərmayədarlar aktiv şəkildə Rusiya şirkətlərinin səhmlərini alırlar. Moskva birjasının hesablamalarına görə, birjaya qoyulan bütün xarici investisiyaların yarıdan çoxu Uol Stritin payına düşür. Sputnik Azərbaycan xəbər verir ki, RİA Novosti mövzuya dair məqaləsində amerikalı sərmayədarların niyə siyasi risklərə məhəl qoymayaraq Rusiyaya investisiya yatırdıqları sualına cavab verməyə çalışıb.
Bazarın sevimliləri
2013-cü ildən etibarən ilk dəfə olaraq Rusiyanın qiymətli kağızlarına qoyulan xarici investisiyalarda Amerikanın payı 51 faizə çatıb.
"Rusiyanın əsas şirkətlərinə qarşı tətbiq edilmiş sanksiyalar və Amerika mediasında bitmək bilməyən anti-Rusiya ritorikası amerikalı sərmayədarları Moskva birjasına milyardlar yatırmaqdan çəkindirə bilməyib", - "Forbes" nəşri deyib.
Bunu statistika da təsdiqləyir. Moskva birjasının dərc etdiyi son məlumatlara görə, hazırda Amerika investisiya fondları 79,3 milyard dollar dəyərində Rusiya səhmlərinə sahibdirlər. Bu rəqəm 2015-ci ilin göstəricisindən 58 faiz böyükdür.
Məsələn, Amerikanın səhm idarəetmə şirkətlərindən biri olan "Allianz Global Investors" Rusiyanın "Norilsk Nickel" və "Lukoil" şirkətlərinin səhmlərini alıb.
Sanksiya müharibəsi – Gürcüstan milyonlar itirdiyini etiraf etdi>>
"Bu iki özəl şirkət bir çox dövlət şirkətinə nisbətən sanksiyaların fırtınasından daha yaxşı çıxa biliblər", - "Allianz Global Investors" şirkətinin rəsmisi "Forbes"a deyib.
Həqiqətən də "Norilsk Nickel"in səhmləri ilin əvvəlindən 39 faiz bahalaşıb (12 580 rubldan 17 376 rubladək). "Lukoil" üçün isə bu göstərici 28 faiz olub (yəni 4742 rubldan 6066 rubla qədər artım).
"Surqutnefteqaz" şirkəti də xarici sərmayədarların sevimlisidir.
"Böyük nağd valyuta ehtiyatına görə şirkət yüksək dərəcədə etibarlıdır. Onun qiymətli kağızları isə fantastik templərlə bahalaşır", - "Alpari" informasiya-analitik mərkəzin direktor müavini Natalya Milçakova qeyd edib.
Sərfəli risklər
Bəs Amerikalıların bu cür aktivliyi nə ilə izah olunur? Analitiklər qeyd edirlər ki, Birləşmiş Ştatlardan olan sərmayədarlar ənənəvi olaraq inkişaf etməkdə olan ölkələrin şirkətlərinə investisiya qoymaqda liderlik edirlər. Lakin ən əsası sərmayə qoyulan bu qiymətli kağızların gəlirliliyi təmin etməsidir.
"VanEck Russia" birja fondunun hesablamalarına görə, fondların portfellərində Rusiya səhmlərinin orta qiyməti ilin əvvəlindən 23,4 faiz artıb. Bu arada "S&P 500" indeksi 19,9 faiz, inkişaf etməkdə olan bazarlar indeksi "iShares MSCI" (EEM) isə 8,45 faiz yüksəlib.
Son beş il ərzində Rusiya sərmayədarlara illik ortalama yeddi faiz həcmində gəlir təmin edib. Bazarı formalaşmaqda olan ölkələr sırasında yalnız Çin bu göstərici üzrə Rusiyanı geridə qoya bilib.
ABŞ-ın sanksiya siyasəti öz müttəfiqlərinin etirazına səbəb olur>>
"İnstitusional sərmayədarlar inkişaf etməkdə olan ölkələrin səhmlərini alarkən bir qayda olaraq investisiyanın və biznesin gəlirliliyi, eləcə də iqtisadi artım templəri ilə maraqlanırlar. Rusiya səhmləri "etibarlılıq/gəlirlilik" nisbəti baxımından çox cəlbedicidirlər", - Milçakova deyib.
"Otkrıtiye Broker" şirkətinin investisiya meneceri Timur Niqmatulin isə qeyd edir ki, siyasi risklərin artmasından sonra Rusiya səhmlərinin qiymətinin aşağı düşməsinə baxmayaraq onların gəlirliliyi artıb.
Makroiqtisadi sabitlik
Makroiqtisadiyyat da vəziyyəti Rusiya səhmlərinin və istiqrazlarının xeyrinə dəyişib. İnflyasiya azalmaqdadır, sənaye istehsalı və pərakəndə satış artmaqdadır. Bank sektoru isə ümumilikdə sabitdir.
"Fitch" agentliyi Rusiyanın investisiya reytinqini "BBB" səviyyəsində təsdiqləyib. Bu reytinq Çin və Hindistana da təyin edilib. Bununla yanaşı Moskva xərclərinə ciddi şəkildə nəzarət edir.
Hazırda sərmayədarları narahat edən bir sual var: yaxın illərdə Rusiyanın iqtisadi artım templəri orta dünya səviyyəsini keçə biləcəkmi?
"Lakin hazırkı templə də maliyyə aktivlərimizə qoyulan xarici sərmayələr çox yaxşı gəlir verəcək. Əlbəttə ki, hökumət və özəl strukturlar hələ də real sektorda vəziyyətin yaxşılaşması üçün çox səy göstərməlidir", - Milçakova qeyd edib.