CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni fırıldaq növü - Provayderlər belə tarifi heç qorxunc yuxuda da görməyiblər

"Daxil olan müraciətlər üzrə bu əməlləri törədənlərin aşkarlanması, tapılaraq məsuliyyətə cəlb olunması üçün polis orqanları tərəfindən ən müasir kiber texnoloji metod və üsullardan istifadə olunur"
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 29 oktyabr — Sputnik. Sosial şəbəkələr üzərindən ticarət artdıqca onlayn alış-veriş edənlər arasında fırıldaqçılıqla üzləşənlərin də sayı artır. Bu günlərdə sosial şəbəkələr üzərindən daha bir aldatma faktı baş verib.

İnternet üzərində nəzarət üçün abonentlərin üzü skan ediləcək

Sputnik Azərbaycan-ın məlumatına görə, fırıldaqçılar "Instagram"da pulsuz internet, limitsiz internet adı altında hesablar açaraq izləyici toplayır, sonra isə onlardan pul istəyirlər. Ödəmə terminalı vasitəsilə pulu ödədikdən sonra isə həmin səhifəni tapmaq olmur. Səhifələrin rəy bölməsi bağlı olduğundan heç kim başına gələn dələduzluqla bağlı fikrini yaza bilmir. Dələduzlar isə ödəniş edən vətəndaşın qəbzinin şəklini paylaşaraq yeni müştərilər qazanırlar. Elanlarda müştərilərə şirnikləndirici təkliflər edilir. Cəmi 10 manata 3 aylıq limitsiz internet təklif edən fırıldaqçılar üstəlik xidmətin bütün operatorlardan aktiv edilməsinin mümkün olduğuna və internetin sürətli olacağına da zəmanət verirlər.

İKT üzrə ekspert Osman Gündüz deyir ki, sosial şəbəkələr üzərindən dələduzluq faktlarına əksər ölkələrdə rast gəlinir. Ekspert belə dələduzların sayının xeyli artdığından vətəndaşların maariflənməsinə ehtiyac olduğunu söyləyir:

"İnsanlar məlumatlı olmalıdırlar ki, internetin sosial şəbəkə üzərindən satılması texniki cəhətdən mümkün deyil. Bəzən insanlar qiymətə və şirnikləndirici təkliflərə inanıb sosial şəbəkə fırıldaqçılarının toruna düşürlər. Bu da insanların İKT biliklərinin az olmasından irəli gəlir. Hər kəs bilməlidir ki, hazırda fırıldaqçılıqla məşğul olanlar virtual aləmdə aktivləşiblər".

O.Gündüz bildirir ki, bu kimi halların qarşısını almaq vəzifəsi hüquq-mühafizə orqanlarının üzərinə düşür: "Son illər virtual yolla törədilən dələduzluq halları hüquq-mühafizə orqanlarından peşəkar davranmağı tələb edir. Hətta mənim fikrimcə, qanunvericiliklə virtual cinayətlərlə bağlı səlahiyyətlərin konkretləşməsinə ehtiyac var. Polis idarələrində virtual cinayətkarlıqla bağlı şöbələr yaradılmaldır. Bu şöbələrə İKT bilikləri olan polis əməkdaşları cəlb olunmalıdırlar".

Ekspertin sözlərinə görə, virtual dələduzluq hallarının qarşısını almaq çətin olsa da, mümkündür. Çünki hüquq-mühafizə orqanlarına bunun üçün bəzi səlahiyyətlər verilib: "Xarici ölkələrdə sosial şəbəkələr üzərindən edilən dələduzluq halları daha çox olduğundan bununla mübarizə üçün xüsusi idarələr yaradılıb. Düşünürəm ki, bizdə də bu sahədə işlər təkmilləşdirilməlidir. Əks halda, virtual fırıldaqçılar sosial şəbəkələrdən istifadə edənləri müxtəlif yollarla aldatmaqda davam edəcəklər".

Ehtiyatlı olun: "Kaspersky Lab" fişinq hücumların artması barədə xəbərdarlıq edir>>

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən isə Sputnik Azərbaycan-a bildirdilər ki, sosial şəbəkələr üzərindən törədilən dələduzluq hallarına nəzarət nazirliyin səlahiyyətinə aid deyil.

Tısbağa yerişi ilə yürüş: Nə biz onlara inanırıq, nə onlar bizi başa düşür

Qurumdan verilən məlumatda bildirilir ki, sosial şəbəkələr üzərindən törədilən dələduzluq halları kibercinayətkarlıq sayılmır. Bu, virtual yolla törədilən dələduzluq halı olduğundan, araşdırılması hüquq-mühafizə orqanlarının üzərinə düşür.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sosial şəbəkələr üzərindən vətəndaşların etibarından sui-istifadə olunmaqla dələduzluq əməli törədənlərin olması istisna olunmur: "Sosial şəbəkələrdə izləyicilərinə şirnikləndirici vədlər verib onların diqqətini çəkməklə dələduzluq edənlərin əməlləri ziyanın miqdarından asılı olaraq, cinayət və inzibati xəta tərkibi yaradır.

Vətəndaşın məruz qaldığı ictimai təhlükəli əməllərlə bağlı polisə daxil olan müraciətlər forma və məzmunundan asılı olmayaraq araşdırılır.

Daxil olan müraciətlər üzrə bu əməlləri törədənlərin aşkarlanması, tapılaraq məsuliyyətə cəlb olunması üçün polis orqanları tərəfindən ən müasir kibertexnoloji metod və üsullardan istifadə olunur. Hər bir şəxs bilməlidir ki, polis dövrün çağırış və təhdidləri ilə paralel hər gün təkmilləşir, inkişaf edir".