BAKI, 29 oktyabr — Sputnik. Rusiya Bankı ilk dəfə Türkiyə ilə ikitərəfli ticarətin valyuta strukturunu açıqlayıb. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.
Rusiya Bankının rəsmi saytında yayımlanan statistikaya görə, iki ölkə arasında 2019-cu ilin yanvar-iyun aylarında ölkələr arasında ticarət hesablaşmalarının 11,7%-i rublla həyata keçirilib ki, bu da ümumilikdə ötən il ərzində qeydə alınan göstəriciyə (11,3%) yaxındır.
Ümumilikdə bu ilin ilk 6 ayı ərzində Rusiya – Türkiyə arasında ticarət hesablaşmalarının böyük həcmi (83,1%) ABŞ dolları, 5%-i avro, yerdə qalan 0,2%-i isə digər valyutalarla həyata keçirilib.
Məlumatda qeyd olunur ki, Türkiyə ilə hesablaşmalarda rublun həcminə dair maksimum göstərici 2013 və 2014-cü ildə qeydə alınıb. Həmin vaxt rublun həcmi müvafiq olaraq 17,5% və 13% olub.
Qeyd edək ki, bu ilin oktyabrında Rusiyanın Maliyyə Nazirliyi ilə Türkiyənin Xəzinə və Maliyyə Nazirliyi arasında hesablaşmalar və ödənişlərin milli valyutalarda aparılması ilə bağlı saziş imzalanıb. Sənədi Rusiya tərəfdən Baş nazirin müavini, Maliyyə naziri Anton Siluanov, Türkiyə tərəfindən isə Xəzinə və Maliyyə naziri Berat Albayrak imzalayıb. Qeyd edilib ki, saziş iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsi və inkişafı üçün çox vacib addımdır.