BAKI, 28 oktyabr — Sputnik. Qəbələ rayonunda səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də rayonun Vəndam qəsəbəsində dekorativ gülçülük istixanası ilə tanış olub.
Dövlətimizin başçısına istixanada görülən işlərlə bağlı məlumat verilib. Bildirildi ki, “AzRose” MMC xüsusi qızılgül növlərinin yetişdirilməsi üçün Qəbələ rayonunun Vəndam kəndində istixanaların quraşdırılması işlərinə 2017-ci ildən başlayıb. Qəbələ istixana kompleksinin yaradılmasında 90 illik holland təcrübəsinə malik “Bosman van Zaal” şirkətinin texnoloji yeniliklərindən istifadə olunub. Burada “Red Naomi”, “Avalanj”, “Talea”, “Aqua”, “Sweet Avalanj”, “Jumilia”, “Wow” və “London eye” kimi xüsusi qızılgül növləri yetişdirilir, yerli və xarici bazarlara satışa çıxarılması hədəflənir. Bu məhsullar bazara “Made in Azerbaijan” brendi ilə çıxarılacaq. Bundan məqsəd həm ölkəmizin adını beynəlxalq arenada uğurla təmsil etmək, həm də bu brend adı altında çeşidin çoxalmasına töhfə verməkdir.
Daha sonra prezident Qəbələ rayonunda 110/35/10 kilovoltluq “Qəbələ” elektrik yarımstansiyası yenidənqurmadan sonra istismarı prosesində iştirak edib. İlham Əliyev yarımstansiyada yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub. Dövlət başçısı “Qəbələ” elektrik yarımstansiyasını və eyni zamanda, 110/35/10 kilovoltluq “Ağdaş” elektrik yarımstansiyasını işə salıb.
Dövlət başçısı Qəbələ şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin istifadəyə verilməsində, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qəbələ filialının açılış mərasimində, eləcə də Qəbələ rayonunun Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib.